
Bolqarıstan, Böyük Britaniya və Ukrayna Vaşinqtonun İrana qarşı həyata keçirdiyi yeni hərbi əməliyyatlarda yer almayacaqlarına dair rəsmi Tehrana təminat veriblər.
Konsensus.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai dövlət televiziyasının efirində çıxış edərkən bildirib.
"Son 24 saat ərzində Böyük Britaniya, Bolqarıstan və Ukraynadan çoxsaylı zənglər daxil olub. Onlar İranla baş verə biləcək hər hansı müharibədə iştirak etməyəcəklərini qətiyyətlə bəyan ediblər", — deyə diplomat vurğulayıb.
Qeyd edək ki, ABŞ-İran münaqişəsində növbəti gərginlik mərhələsi iyulun 8-də başlayıb. ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından sonra ilk dəfə olaraq İran ərazisinə bir neçə hərbi zərbə endirib. ABŞ tərəfi bu addımı Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab kimi əsaslandırıb.
Həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsin dayandırıldığını açıqlayıb. Cavab tədbiri olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İyulun 29-da isə Tramp ABŞ-nin İrana qarşı zərbələri davam etdirmək niyyətində olduğunu bildirib. (Tasnim)