
ABŞ-də yeddi ştatın su təchizatı sistemlərinin kompüter şəbəkələri haker hücumlarına məruz qalıb. Bu, son illərdə ölkənin kritik infrastruktura qarşı üzləşdiyi ən ciddi kiberhücumlardan biri hesab olunur.
ABŞ Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin (CISA) ekspertləri bu hücumların arxasında İran hakerlərinin dayana biləcəyini ehtimal edirlər.
Hücumların ötən həftə ərzində baş verdiyi bildirilir. Federal qurumlar araşdırma aparıldığı üçün zərərçəkən bölgələrin tam siyahısını məxfi saxlayır. Hazırda yalnız dörd ştatın adı məlumdur: Minnesota, Miçiqan, Cənubi Dakota və Viskonsin.
Kiberhücumdan dərhal sonra bəzi su təchizatı operatorları sistemləri xarici şəbəkədən tam ayırmağa məcbur olublar. Nəticədə su təsərrüfatı əməkdaşları nasosları işə salmaq, borulardakı təzyiqi tənzimləmək və sudakı reagentlərin səviyyəsini ölçmək kimi vacib prosesləri məcburən əl rejimi ilə həyata keçirirlər.
Zərərçəkmiş ştatların hakimiyyət orqanları sakinlərə təhlükəsizlik məqsədilə suyu qaynatmadan istifadə etməmək barədə xəbərdarlıq edib. Eyni zamanda, xəstəxanaların və əhalinin çənlərdə və butulkalarda su ilə təmin olunması üçün təcili tədbirlər görülür.
Araşdırmanı aparan xüsusi xidmət orqanları hücumların məhz İran hakerləri tərəfindən həyata keçirildiyini hələlik rəsmən təsdiqləməyiblər. CISA ekspertlərinin sözlərinə görə, başqa bir kiberqruplaşmanın ABŞ-İran qarşıdurması fonunda gərginliyi artırmaq məqsədilə özünü İran hakerləri kimi qələmə verməsi ehtimalı da nəzərdən keçirilir. Hazırda texniki dəlillərin toplanması davam edir.