ABŞ-ın növbəti Prezidenti o ola bilər

Son zamanlar ABŞ prezidenti Donald Trampın Yaxın Şərq siyasətini sərt tənqid etməsi ilə gündəmə gələn tanınmış jurnalist Taker Karlson gələcəkdə Amerika Birləşmiş Ştatlarının prezidenti ola bilər.

Konsensus.az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

Məlumatda Karlsonun mövcud proqnoz bazarında rekord göstəriciyə çatdığı və "Polymarket" platformasında 2028-ci il üçün Respublikaçılar Partiyasından prezidentliyə namizədlər siyahısında 7%-lik həddə yüksəldiyi bildirilir.

Qeyd olunur ki, bu rəqəm kiçik görünsə də, arxasında hər hansı seçki kampaniyası komitəsi və ya partiya aparatı olmayan bir şəxs üçün olduqca yüksək göstərici hesab edilir. Müxtəlif insanlar Karlsonun prezidentliyi ideyasını absurd saya bilər. Lakin 2015-ci ildə ABŞ Prezidenti Donald Tramp barədə də oxşar fikirlər səsləndirilirdi.

Bu arada, Pirs Morqana verdiyi son müsahibədə Karlson da öz növbəsində prezidentliyə namizəd olmaq ehtimalını istisna etməyib.

Nəşrin yazdığına görə, Donald Trampın reytinqinin aşağı düşməsi fonunda Respublikaçılar Partiyası daxilində yeni liderə ehtiyac getdikcə daha çox hiss olunur.

"Vaxtilə Trampa olan bağlılıq indi Karlsona yönəlib. Karlsonun xeyrinə arqumentlər çox sadədir. O, Amerika sağçıları arasında ən böyük izləyici auditoriyasına malik şəxslərdən biridir. 2023-cü ildə "Fox News"dan ayrıldıqdan sonra Karlson böyük müstəqil media platforması qurub və "YouTube" ilə "X" platformalarında yüz milyonlarla izləyici toplayıb", - deyə nəşr bildirir.

11.05.2026 21:45