ABŞ-nin ştat və şəhərlərindən Azərbaycanla bağlı bəyannamələr

28 May – Müstəqillik Günü münasibətilə ABŞ-nin müxtəlif ştat və şəhərlərində Azərbaycanla bağlı rəsmi bəyannamələr qəbul edilib. Sənədlər Merilend ştatı, Nyu-York Ştat Assambleyası, həmçinin Hyuston, Vaşinqton, Oyl-Siti, Hallandeyl-Biç və Mayami şəhərləri tərəfindən imzalanıb.

Konsensus.az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbul olunan bəyannamələrdə Azərbaycanın 1918-ci ildə Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika qurması xüsusi vurğulanıb. Sənədlərdə ölkəmizdə qadınlara səsvermə hüququnun bir çox Qərb dövlətlərindən daha erkən verilməsi, həmçinin zəngin parlamentçilik ənənələri və demokratik dəyərlər yüksək qiymətləndirilib.

Bəyannamələrdə, həmçinin ABŞ ilə Azərbaycan arasında diplomatik, strateji, enerji, mədəniyyət və təhsil sahələrində uğurlu əməkdaşlıq əlaqələri qeyd olunub. Eyni zamanda ABŞ-də yaşayan azərbaycanlı icmasının yerli cəmiyyətin inkişafına və mədəni müxtəlifliyinə verdiyi mühüm töhfələr xüsusi vurğulanıb.

28.05.2026 18:05