
ABŞ Silahlı Qüvvələrinin tərkibində yeni hərbi struktur formalaşdırılacaq.
Konsensus.az CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset Virciniyadakı Kuantiko Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı məlumat verib.
Məlumata görə, yeni qurum “Autonomous Warfare Command” (AutoWarCom) adlanacaq. Komandanlıq ABŞ ordusunun bütün qoşun növlərində pilotsuz döyüş əməliyyatlarının aparılmasına, eləcə də süni intellektə əsaslanan robotlaşdırılmış və avtonom sistemlərin inkişafına cavabdehlik daşıyacaq.
Heqset Ukraynadakı müharibədən əldə olunan təcrübənin yeni hərbi birləşmənin yaradılmasında əsas stimul olduğunu vurğulayıb. O bildirib ki, Pentaqon dronların və digər oxşar texnologiyaların alınması, sınaqdan keçirilməsi və tətbiqi ilə bağlı yanaşmalarına yenidən baxmalıdır.
Bununla yanaşı, nazir ABŞ Silahlı Qüvvələrində baş zabit heyətinin ixtisarının davam edəcəyini qeyd edib. Məlumata görə, onun əmri ilə 20-dən çox yüksəkrütbəli zabit işdən çıxarılıb. Onların əksəriyyəti konqresmenlərin narazılığına rəğmən və heç bir səbəb göstərilmədən vəzifəsindən kənarlaşdırılıb. Həmçinin, dördulduzlu generallar üçün nəzərdə tutulan postların sayı azaldılıb ki, bu da bir çox zabiti ordunu tərk etməyə məcbur edir.
"AutoWarCom" strukturunun 2027-ci ilin oktyabrında fəaliyyətə başlaması nəzərdə tutulur. Quruma dördulduzlu general rəhbərlik edəcək.