
İranın cənubunda yerləşən Hörmüzqan əyalətində ABŞ Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi şiddətli hücumlar azı səkkiz mülki şəxsin həyatına son qoyub.
Konsensus.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, ABŞ qırıcıları Hörmüzqan vilayətində bir sıra obyektləri hədəfə alıb. Bununla yanaşı, Sistan və Bəlucistan əyalətinin Çabahar limanında yerləşən müşahidə qülləsi istiqamətində üç raket buraxılıb.
Bütövlükdə ABŞ-nin İrana qarşı təşkil etdiyi silsilə hücumlar nəticəsində 38 nəfər həlak olub. Aralarında qadınların və azyaşlıların da olduğu 400-dən çox şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
"RİA Novosti"nin məlumatında qeyd edilir ki, gərginləşən münaqişənin fəsadları olduqca böyük miqyas alıb. İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hüseyn Kermanpur ölənlərin və yaralananların sayının artdığını təsdiqləyib.
Kermanpur sosial şəbəkə hesabında qeyd edib ki, həlak olanlardan üçü qadın, yaralılardan isə 22-si qadın və doqquzu azyaşlıdır.