ABŞ və Kanada arasında hərbi əməkdaşlıq dayandırıldı

NATO daxilində bu günə qədər müşahidə olunmuş ən böyük gərginlik yaşanıb. Belə ki, Vaşinqton ABŞ və Kanadanın Daimi Birgə Müdafiə Şurasının fəaliyyətini dayandırıb.

Konsensus.az xəbər verir ki, bu barədə ABŞ müharibə nazirinin müavini Elbric Kolbi "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bunun səbəbi rəsmi Ottavanın müdafiə öhdəliklərini yerinə yetirməsində yetərincə irəli addımlar atmamasıdır.

"Təəssüf ki, Kanada müdafiə öhdəliklərinin icrasında irəliləyiş nümayiş etdirə bilmədi. Pentaqon Daimi Birgə Müdafiə Şurasının fəaliyyətini dayandırır", - deyə Kolbi bəyan edib.

O əlavə edib ki, ümumi kontinental müdafiə yalnız ölkələrin ortaq coğrafiyasının qəbul olunması şəraitində mümkündür.

Qeyd edək ki, hər iki ölkə arasında fəaliyyət göstərən şura 1940-cı ildə yaradılıb. Qurumun ekspertləri müdafiə sahəsində strateji araşdırmalar aparır və hərbi qurumlara tövsiyələr verirdilər.

18.05.2026 19:04