
Milli Məclisin sabiq vitse-spikeri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev xeyirxah təşəbbüslərə və tədbirlərə mənfi münasibət bildirən tənqidçilərə sərt cavab verib.
Konsensus.az xəbər verir ki, icra başçısı sosial şəbəkə hesabında etdiyi paylaşımda görülən yaxşı işlərin bəzi insanlarda qıcıq yaratmasını təfəkkür problemi ilə əlaqələndirib:
"30 ildən çoxdur ki, Heydər Əliyev siyasətini dəstəkləyirəm, xarakterləri tanıya-tanıya gəlirəm. Görülən yaxşı iş hamını sevindirmir. Bəzilərini yaxşılıq yox, başqasının yaxşılıq etməsi narahat edir. Başqasının uğuruna sevinməyi və yaxşı olanı dəstəkləməyi bacarmayan insan öz düşüncəsini dəyişmədikcə heç vaxt irəli gedə bilməyəcək. Daim başqasının işində qüsur axtaranın öz həyatını qurmağa vaxtı və enerjisi qalmaz."
Adil Əliyev bildirib ki, bu cür mənfi reaksiyalar onu yolundan döndərə bilməz:
"Nə deyilən sözə, nə də atılan daşa görə istiqamətimi dəyişəcəyəm. Bir həqiqəti illər mənə çox yaxşı öyrədib: bar verməyən ağaca daş atan olmur. Qoy kimisi zəhərini töksün, biz yaxşılığımızı paylaşaq. Sonda kimin nə danışdığı yox, nə yaratdığı qalır. Cəmiyyəti irəli aparanlar danışanlar deyil, çalışan və yaradan insanlardır."
Aida Şükür