Akademik Rasim Əliquliyev: "Milli süni intellekt modeli yerli resurslara əsaslanmalıdır"

"Azərbaycanda müdafiə sənayesi və kibertəhlükəsizlik sektoru qısa müddətdə əhəmiyyətli inkişaf yolu keçib. Bu sahədə qabaqcıl texnologiyaların, süni intellekt həllərinin və müasir innovasiyaların tətbiqi təqdirəlayiqdir".

Konsensus.az xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bildirib.

Alim vurğulayıb ki, elmi tutumlu rəqəmsal və süni intellekt texnologiyalarının mənimsənilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də Prezident İlham Əliyev tərəfindən strateji vəzifə kimi irəli sürülən milli süni intellekt modellərinin işlənib hazırlanması fundamental elmi yanaşma tələb edir: "Milli süni intellekt modelinin formalaşdırılması üçün onun əsasını təşkil edən data resursları, alqoritmlər, riyazi modellər və kadr potensialı milli resurslara söykənməlidir".

Akademik diqqətə çatdırıb ki, İnformasiya Texnologiyaları İnstitutunda 30 ildən artıqdır ki, kibertəhlükəsizliyin elmi-nəzəri əsaslarının formalaşdırılması, peşəkar mütəxəssislərin və tədris vəsaitlərinin hazırlanması istiqamətində məqsədyönlü işlər görülür. İnstitut ölkədə milli kibertəhlükəsizlik ekosisteminin qurulmasına mühüm töhfələr verir. O, həmçinin elmi müəssisələr və ali məktəblərin birgə iştirakı ilə tədqiqat prioritetlərinin müəyyənləşdirilməsi və kadr potensialının inkişafı üçün vahid elmi platformanın yaradılmasını məqsədəuyğun hesab edib.

Rasim Əliquliyevin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni rəqəmsal arxitekturasının formalaşdırılmasında ana hədəflərdən biri dövlət maraqları çərçivəsində inteqrasiya olunmuş rəqəmsal mühitin qurulması, vahid milli data ekosisteminin yaradılması və idarəetmədə səmərəliliyin artırılmasıdır.

Ölkəmizdə milli kibertəhlükəsizlik ekosisteminin uğurla formalaşdığını qeyd edən akademik bildirib ki, kibertəhlükəsizlik kritik infrastrukturların qorunması və insan hüquqlarının təmin olunması kimi çoxaspektli məsələləri əhatə edir. Bu baxımdan aidiyyəti qurumların qarşısında mühüm vəzifələr dayanır.

AMEA-nın vitse-prezidenti müdafiə və kritik sektorlara cavabdeh dövlət qurumlarının fəaliyyətini yüksək qiymətləndirərək, proseslərin dövlət maraqları çərçivəsində vahid mərkəzdən koordinasiya edilməsinin və effektiv idarəetmə mexanizminin vacibliyini vurğulayıb: "Dövlət qurumları, elmi müəssisələr, özəl sektor və vətəndaş cəmiyyəti institutları arasında daha sıx əməkdaşlıq təmin edilməli, mütəmadi elmi müzakirələr təşkil olunmalıdır".

Akademik Rasim Əliquliyev rəhbərlik etdiyi İnformasiya Texnologiyaları İnstitutunun bu proseslərdə yaxından iştirak etməyə və strateji vəzifələrin icrasına hərtərəfli elmi dəstək verməyə hazır olduğunu bildirib. (AZƏRTAC)

08.10.2026 11:00