
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasında görkəmli alim, tanınmış ictimai-siyasi xadim və respublika səhiyyəsinin əsas təşkilatçılarından biri, akademik Vəli Axundovun anadan olmasının 110 illiyinə həsr edilən yubiley tədbiri keçirilib.
Mərasimdən öncə tədbir iştirakçıları Fəxri Xiyabanda akademikin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra AMEA-nın Əsas binasında Vəli Axundovun həyat və fəaliyyətini əks etdirən geniş sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan AMEA prezidenti, akademik İsa Həbibbəyli yubilyarın Azərbaycanın ictimai-siyasi və elmi mühitində silinməz izlər qoyduğunu vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, Vəli Axundovun dövlətçilik fəaliyyəti Ümummilli Lider Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilib. Bunun bariz nümunəsi olaraq, Ulu Öndərin Sərəncamı ilə alimin 80 illik, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında isə 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilib.
Daha sonra Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev akademik Vəli Axundovun zəngin ömür yolu və fəaliyyətinə dair geniş məruzə ilə çıxış edib. Nazir Ulu Öndərin 1996-cı ildə alimin 80 illik yubileyindəki çıxışını xatırladaraq, onun xalq qarşısındakı xidmətlərinin dövlət tərəfindən daim uca tutulduğunu, bugünkü yubileyin də bu böyük şəxsiyyətə olan dərin ehtiramın ifadəsi olduğunu bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar akademiklə bağlı xatirələrini bölüşüb. Ardınca Vəli Axundovun həyatından bəhs edən videoçarx nümayiş olunub.
Yubiley çərçivəsində Azərbaycan Tibb Universitetinin kafedra müdiri, professor İbadulla Ağayev akademikin elmi-pedaqoji və ictimai fəaliyyəti barədə məruzə edib. Həmçinin Milli Məclisin sədr müavini, akademik Rafael Hüseynov, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev çıxış edərək alimin elmi irsinin əhəmiyyətindən danışıblər.
Sonda Axundovlar ailəsi adından çıxış edən akademikin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova atasının xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə təşkilatçılara və qonaqlara minnətdarlığını bildirib.

