
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qərbi Azərbaycana qayıdış çağırışına ilk səs verən qurumlardan biri olaraq, bu ideyanın səsləndiyi vaxtdan qısa müddət sonra fəal tədqiqatlara başlayıb. Akademiyanın Rəyasət Heyətinin qərarı ilə müxtəlif strukturlarda "Qərbi Azərbaycan tarixi", "Qərbi Azərbaycan folkloru", "Qərbi Azərbaycan toponimiyası" və "Qərbi Azərbaycanla bağlı əlyazmaların tədqiqi" adlı xüsusi şöbələr fəaliyyətə başlayıb.
Konsensus.az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusundakı I beynəlxalq elmi konfransda məlumat verib.
Akademik bildirib ki, son dövrlərdə Qərbi Azərbaycan İcmasında xüsusi kitabxananın yaradılmasına və zənginləşdirilməsinə akademiyanın institutları tərəfindən ciddi dəstək göstərilir. İndiyə qədər AMEA-da bu mövzu ilə bağlı çoxlu sayda kitab və məqalələr ərsəyə gətirilib ki, onların da böyük qismi xarici ölkələrdə, müxtəlif dillərdə çap olunub. Bu nəşrlər Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə yayılmasında mühüm rol oynayır. Dövlət başçısı İlham Əliyevin bu istiqamətdə tədqiqatların aparılmasının əhəmiyyətini mütəmadi olaraq diqqət mərkəzində saxladığı xüsusi vurğulanıb.
Tədqiqatların əsas istiqamətlərindən biri də sovet hakimiyyəti illərindən başlayaraq yaxın keçmişə qədər saxtalaşdırılan coğrafi adların öyrənilməsidir. Azərbaycan alimlərinin araşdırmalarına görə, Ermənistanın ali dövlət qurumlarının rəsmi qərarları ilə 600-dən çox Azərbaycan mənşəli toponim süni şəkildə dəyişdirilib. Hazırda həmin adların bərpası, tarixi mənşəyinin izahı istiqamətində fundamental işlər görülür, yeni kitablar nəşr olunur və tarixi faktlara əsaslanan xəritələr üzərində dəqiqləşdirmələr aparılır. Yaxın vaxtlarda Azərbaycan varlığını sübut edən bu xəritələrin ictimaiyyətə təqdim olunması planlaşdırılır.
İsa Həbibbəyli qeyd edib ki, Qərbi Azərbaycana qayıdış ideyası ölkənin minillik tarixində və müasir siyasi-ideoloji mühitində Prezident İlham Əliyevin adı ilə bağlı olan tarixi bir konsepsiyadır. Bu konsepsiya heç bir ərazi iddiası irəli sürmədən bütövlüyü ifadə edən və eyni zamanda regional barışığa xidmət edən yeganə modeldir. AMEA rəhbəri ədalətin bərqərar olacağına və bu qayıdış missiyasının Ermənistan ilə Azərbaycan arasında dayanıqlı sülhün qurulmasında mühüm yer tutacağına əminliyini ifadə edib.