Qlobal geosiyasətin ən kövrək xətlərindən biri olan ABŞ-İran münasibətləri növbəti dəfə hərbi gərginlik fazasına qədəm qoyub. Tərəflər arasında imzalanan son “İslamabad memorandumu”nun mürəkkəbi qurumamış, Hörmüz boğazı və Körfəz regionu yenidən qarşılıqlı zərbələrin poliqonuna çevrilib. Lakin bu dəfəki eskalasiya sadəcə "atəşkəs pozulması" deyil, tərəflərin regionda yeni güc balansı yaratmaq cəhdidir.
Bəs tərəfləri masadan qoparıb hərbi ritorikaya yönəldən real səbəblər hansılardır və bu gərginlik böyük regional müharibəyə çevrilə bilərmi?
Münaqişə nüvə sərhədlərini aşır ?
İllərdir ABŞ-İran gərginliyinin mərkəzində dayanan "nüvə proqramı" artıq yeganə və əsas problem olmaqdan çıxıb. Hazırkı böhran daha çox regional logistika, enerji təhlükəsizliyi və suverenlik savaşıdır. İran qlobal neft ticarətinin şah damarı olan Hörmüz boğazında xəbərdarlıqsız gəmi reydləri keçirməklə Qərbə açıq mesaj verir: "Mənim iqtisadiyyatımı boğsanız, qlobal enerji xətlərini iflic edərəm". ABŞ isə bu addımlara İran daxilindəki nöqtələri və regiondakı proksi şəbəkələrini hədəf almaqla cavab verir. Məqsəd Tehranın hərbi imkanlarını öz sərhədləri daxilinə sıxışdırmaqdır. Bu vəziyyət göstərir ki, tərəflər sənəd üzərində razılaşsalar da, real sahədə təsir dairələrini bölüşdürə bilməyiblər. Həmçinin böhranın NATO sammiti ilə eyni dövrə salınması təsadüfi deyil, Vaşinqton tərəfindən hesablanmış bir gedişdir. ABŞ rəqiblərinə güc nümayiş etdirməklə yanaşı, həm də daxili və xarici tərəfdaşlarına bir mesaj verir.
Lakin bura mühüm bir analitik detalı əlavə etmək lazımdır: Donald Trampın NATO müttəfiqlərini İran məsələsində kifayət qədər yük götürməməkdə ittiham etməsi, ABŞ-ın bu mübarizədə qismən tək qaldığını göstərir. Avropa dövlətləri Körfəzdəki gərginliyin onların enerji bazarına vuracağı zərbədən çəkinərək Vaşinqtonun aqressiv xəttinə tam dəstək vermirlər. Bu fikir ayrılığı isə Tehranın əlini gücləndirən amillərdəndir.
Böyük müharibə gözlənilirmi?
Hər iki tərəfin hərbi ritorikasına baxmayaraq, yaxın perspektivdə tammiqyaslı, dağıdıcı bir müharibə real görünmür. Bunun arxasında praqmatik səbəblər dayanır. Hazırda baş verənlər real müharibə hazırlığı deyil, "idarəolunan gərginlik" siyasətidir. Tərəflər bir-birini masada maksimum güzəştə məcbur etmək üçün hərbi eskalasiyanı bir rıçaq kimi istifadə edirlər. Həm Vaşinqton, həm də Tehran dərk edir ki, böyük bir müharibə regionun bütün infrastrukturunu məhv edə bilər və bu qumarın qalibi olmayacaq.
Mövcud gərginliyin diplomatik həlli üçün nəzərdə tutulan 60 günlük müddət, böyük ehtimalla, yekun sənədin imzalanması üçün yetərli olmayacaq və bu müddət texniki olaraq uzadılacaq. Çünki tərəflər hələ də fundamental məsələlərdə razılığa gələ bilməyiblər.
Burada ən həlledici dönüş nöqtəsi ABŞ-da keçiriləcək noyabr aralıq seçkiləridir. Noyabr ayına qədər ABŞ-ın hərbi zərbələri daha çox "nöqtəvi" və cavab xarakterli olacaq, çünki Ağ Ev seçki ərəfəsində böyük bir müharibə alovlandırmaq istəmir. Əgər seçkilərə qədər yekun və möhkəm bir kompromis əldə olunmasa, noyabr ayından sonra Vaşinqtonun İrana qarşı dözüm limiti tamamilə tükənə bilər. ABŞ-da formalaşacaq yeni siyasi konyunktur Tehrana qarşı daha sərt, sanksiyalarla zəngin və birbaşa hərbi təzyiq strategiyasını işə sala bilər. ABŞ və İran arasında böyük müharibə bu gün üçün uzaq ehtimal olsa da, lokal toqquşmaların davam etməsi hər an səhv hesablama riskini artırır. Noyabr ayına qədər tərəflərin kompromisə gedib-getməyəcəyi, Yaxın Şərqin növbəti onillikdəki təhlükəsizlik arxitekturasını müəyyən edəcək.
Anar Turan,
Milli Fikir və İnkişaf Mərkəzinin sədri
