
Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını vahid platforma altında birləşdirmək məqsədilə 2012-ci ildə yaradılmış Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) 2026–2029-cu illər üzrə növbəti Hesabat-Seçki Ümumi Yığıncağını İstanbul şəhərində keçirib.
Konsensus.az xəbər verir ki, bu barədə birliyin mətbuat xidmətindən məlumat veriblər. Məlumata görə, Paşa Yatırım Bankının Baş İdarəsinin iclas zalında təşkil olunan təşkilatın ümumi yığıncağında birliyin əvvəlki dövr üzrə fəaliyyəti qiymətləndirilib, eyni zamanda yeni dövr üçün idarəetmə orqanları formalaşdırılıb.
Yığıncaqda İdarə Heyətinin fəaliyyət hesabatı, Təftiş Komissiyasının hesabatı və maliyyə göstəriciləri iştirakçıların diqqətinə çatdırılaraq təsdiqlənib.
Daha sonra keçirilən seçkilərin nəticələrinə əsasən, 2026–2029-cu illərdə fəaliyyət göstərəcək yeni İdarə Heyətinin tərkibi müəyyənləşdirilib. İdarə Heyətinə Dr. Asif Kurban, Mikayıl Yusifov, Vüqar Abdullah, vəkil Zenfira Əliyeva və Elşən Quliyev seçiliblər.
Yeni seçilmiş İdarə Heyətinin öz daxilində apardığı vəzifə bölgüsünə əsasən, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin sədri vəzifəsinə Dr. Asif Kurban seçilib.
Beləliklə, yeni dövr üzrə vəzifə bölgüsü aşağıdakı kimi müəyyən edilib:
Sədr — Dr. Asif Kurban
Korporativ əlaqələr, media, QHT və dövlət qurumları ilə əlaqələr üzrə sədr müavini — Mikayıl Yusifov
Üzvlük məsələləri üzrə sədr müavini — Vüqar Abdullah
Hüquq, uyğunluq və Qadın Liderliyi Komissiyasının rəhbəri — vəkil Zenfira Əliyeva
Rəqəmsallaşma və Biznesin İnkişafı Komissiyasının rəhbəri — Elşən Quliyev
Ümumi Yığıncaqdan sonra çıxış edən TAİB-in sədri Dr. Asif Kurban bildirib ki, əsas məqsədləri Azərbaycan əsilli iş adamlarının ortaq platformasını daha da gücləndirmək, üzvlər arasında həmrəyliyi artırmaq və Birliyin fəaliyyətini daha effektiv səviyyəyə çatdırmaqdır.
Kurban vurğulayıb ki, üzvlərin mövcud bazar imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması, kommersiya fəaliyyətinin inkişaf etdirilməsi və beynəlxalq bazarlara çıxış imkanlarının dəstəklənməsi əsas prioritet istiqamətlər sırasındadır.
TAİB-in yalnız iqtisadi deyil, eyni zamanda strateji və mədəni missiya daşıdığını qeyd edən sədr əlavə edib ki, Birlik bundan sonra da Türkiyə–Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına töhfə verməyə davam edəcək.
Qeyd edək ki, 2000-ci ildə yaradılmış Tural Group şirkətinin təsisçisi və rəhbəri olan Dr. Asif Kurban beynəlxalq ticarət sahəsində fəaliyyət göstərir. O, təhsilini İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsində bakalavr və magistr pillələri üzrə başa vurub, 2007-ci ildə isə iqtisad elmləri doktoru elmi dərəcəsini alıb.
O həmçinin hazırda Azərbaycan İş Adamları Konfederasiyasının (ASK) Türkiyə nümayəndəliyinin rəhbəri vəzifəsini də icra edir.
Elnur H.
