
Qambiya Respublikasının Prezidenti Adama Barrou azərbaycanlı həmkarı İlham Əliyevə 28 May-Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Konsensus.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Qambiya Respublikası Hökuməti və xalqı adından Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.
Qambiya Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmətə, ortaq dəyərlərə və beynəlxalq əməkdaşlığın, inkişafın təşviqi ilə bağlı birgə səylərə əsaslanan uzunmüddətli dostluq münasibətləri inkişaf etmişdir.
Qəti şəkildə əminəm ki, müdrik rəhbərliyinizlə ölkələrimiz və xalqlarımız arasında təhsil, gənclərin inkişafı və bu sahələrdə potensialın artırılması istiqamətlərində əməkdaşlıq qarşılıqlı fayda naminə dərinləşməkdə davam edəcək.
Fürsətdən istifadə edərək ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində Sizinlə işləməyə hazır olduğumu bir daha təsdiq edirəm.
Bu əlamətdar bayram münasibətilə Sizə və Azərbaycan xalqına rifah arzulayıram".
14:41
Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Konsensus.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Bruney-Darüssəlam ilə Azərbaycan Respublikası arasında otuz ildən artıqdır mövcud olan səmimi dostluq münasibətlərini çox yüksək qiymətləndirirəm. Ölkələrimizin bu mühüm əlaqələrinin həm ikitərəfli əsasda, həm də beynəlxalq səviyyədə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində daha da inkişaf edəcəyinə ümidvaram.
Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah nəsib etsin.
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".