
Azərbaycanın xarici siyasət strategiyasının təkamül xəttinə nəzər saldıqda, uzun illər ərzində Avropa İttifaqı (Aİ) subyektləri ilə enerji tərəfdaşlığının dərinləşməsi və Asiya regionu ilə böyük logistik koridorların (məsələn, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri) qurulması istiqamətlərinin dominantlıq təşkil etdiyini görmək olar. Lakin post-münaqişə dövrünün gətirdiyi yeni regional və qlobal reallıqlar rəsmi Bakının xarici siyasət doktrinasına daha çoxvektorlu, asimmetrik və çevik elementlərin daxil edilməsini zəruriləşdirib. Bu yeni strateji açılımın ən bariz və hüquqi baxımdan ən fundamental təzahürlərindən biri kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) rəsmi bəyanatlarında və dövlətlərarası ikitərəfli müqavilələr reyestrində öz təsdiqini tapan, Azərbaycan ilə Sudan arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı şəkildə azad edilməsi barədə imzalanan saziş çıxış edir. Xarici İşlər naziri Ceyhun Bayramovun rəsmi diplomatik təmasları çərçivəsində əldə olunan bu razılaşma, sadəcə iki ölkə arasındakı vizanın ləğvi kimi sadə bir bürokratik və rəsmi prosedur deyil, Azərbaycanın "Qlobal Cənub" coğrafiyasında sistemli şəkildə qurduğu diplomatik şəbəkənin növbəti məntiqi halqasıdır.
Çünki Qoşulmama Hərəkatının (NAM) Bakı Sammitinin yekun bəyannamələrini və təşkilatın sonrakı dövrlərə aid institusional fəaliyyət hesabatlarını təhlil etdikdə aydın olur ki, Azərbaycanın Afrika qitəsindəki bu proaktiv fəaliyyəti təsadüfi və ya konyuktur xarakter daşımır. Qoşulmama Hərəkatına dörd illik uğurlu və beynəlxalq səviyyədə yüksək qiymətləndirilən sədrlik dövründə Bakı, xüsusilə qlobal pandemiya və peşəkar humanitar böhranlar zamanı Afrika ölkələrinə göstərdiyi vaksin, ədalətli humanitar yardımları və institusional dəstəklə qitədə böyük siyasi etimad kapitalı formalaşdırıb. Dr. Luk Koffey, Tarika Verma kimi beynəlxalq münasibətlər üzrə aparıcı analitiklərin şərhinə görə, Sudan kimi Afrika qitəsində yerləşən ölkələrlə viza rejiminin sadələşdirilməsi mənəvi-siyasi etimadın hüquqi-praktik müqavilələrə konvertasiya olunması prosesinin başlanğıcıdır.
Bir sıra siyasi ekspertlərin dərindən apardığı strateji təhlillərə görə, Bakının bu çoxvektorlu Afrika xətti iki fundamental və sarsılmaz milli hədəfə söykənir:
Beynəlxalq Platformalarda Diplomatik Konsolidasiya hansı ki, BMT Baş Assambleyası, UNESCO və digər qlobal institutlarda səsvermə prosesləri zamanı Afrika ölkələri 50-dən çox səs hüququ ilə nəhəng və həlledici bir blok təşkil edir. Həmçinin Azərbaycan öz ərazi bütövlüyü, suverenliyinin qorunması və post-münaqişə bərpası ilə bağlı beynəlxalq qətnamələrdə bu ölkələrin rəsmi və kollektiv dəstəyini təmin etməklə, qlobal arenada özünə qarşı yönələ biləcək asimmetrik təzyiqlərə qarşı güclü bir diplomatik qalxan formalaşdırır.
Eyni zamanda iqtisadiyyatın diversifikasiyası və yeni xammal bazarları uğrunda Sudan kimi coğrafi baxımdan həm Qırmızı dənizə strateji çıxışı olan, həm də kənd təsərrüfatı, heyvandarlıq və mineral resurslar (xüsusilə qızıl, mis və digər xammallar) baxımından zəngin potensiala malik bir dövlətlə sıx təmasa başlayır. Hüquqi və diplomatik maneələrin rəsmən aradan qaldırılması gələcəkdə Azərbaycanın iri investisiya holdinqlərinin və dövlət-özəl tərəfdaşlığı subyektlərinin Afrikada kənd təsərrüfatı, logistika və mədənçilik layihələrinə təhlükəsiz kapital yatırmasına hüquqi zəmin yaradır.
Beləliklə, Sudan sazişi Azərbaycanın Afrikaya açılan strateji qapılarından biridir. Bu xətt yaxın gələcəkdə qitənin digər aparıcı regional gücləri ilə də bənzər hüquqi müqavilələrin imzalanacağını və Azərbaycanın qlobal diplomatiyada çəkisinin artacağını proqnozlaşdırmağa tam əsas verir.
Anar ƏLİ,