
Nərminə Elsevər qızı Mustafayeva Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki baş konsulu və eyni zamanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Konsensus.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev Türkiyənin Qars şəhərindəki baş konsul vəzifəsindən azad olunaraq Azərbaycanın İstanbul şəhərindəki yeni baş konsulu təyin edilib.
Prezidentin başqa bir Sərəncamı ilə Qoşqar Aslan oğlu Zeynalov isə Azərbaycanın Qars şəhərindəki baş konsulu vəzifəsinə gətirilib.
Qeyd edək ki, N.Mustafayeva 2020-ci ilin iyulunda İstanbulda, Z.Əliyev isə 2024-cü ilin noyabrında Qarsda baş konsul vəzifələrinə təyin olunmuşdular.
Q.Zeynalov bu təyinatadək Xarici İşlər Nazirliyinin (XİN) mərkəzi aparatında və müxtəlif diplomatik nümayəndəliklərdə, o cümlədən Ölkəmizin Kanadadakı səfirliyində çalışıb.