Azərbaycan Polisi 108 illiyini və növbəti məzun buraxılışını qeyd edir

Azərbaycan Polisi Gününün 108-ci illiyi və Polis Akademiyasının məzun buraxılışı təntənəli şəkildə qeyd olunub. Konsensus.az Daxili İşlər Nazirliyinin (DİN) məlumatına istinadən bildirir ki, əlamətdar gün münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və nazirliyin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad ediblər. Daha sonra Şəhidlər xiyabanı ziyarət olunaraq, respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin xatirəsi anılıb.

Peşə bayramı və tədris ilinin buraxılışına həsr olunmuş əsas təntənəli mərasim Polis Akademiyasında təşkil edilib. Tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov polisin 108 illik şərəfli xidmət yolundan və zəngin ənənələrindən bəhs edib. Nazir xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanlarının milli ruhlu vətənpərvər kadrlarla möhkəmləndirilməsi istiqamətində atılan tarixi addımları xatırladıb. Dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində nazirliyin müasir maddi-texniki baza ilə təmin olunduğunu, struktur islahatlarının aparıldığını və şəxsi heyətin sosial müdafiəsinin gücləndirildiyini vurğulayan V.Eyvazov, fəaliyyətin vətəndaş məmnunluğu prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb.

Nazir qanunçuluğun qorunması, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması və etik davranış qaydalarına riayət edilməsinin vacibliyini qeyd edərək, dürüstlük və məsuliyyətin polis əməkdaşları üçün başlıca meyarlar olduğunu bildirib. O, cinayətkarlıqla mübarizədə və asayişin təminində hər bir şəxsin hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğunu, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın sürətlənməsi üçün polis və Daxili Qoşunların xidmətini böyük əzm və peşəkarlıqla davam etdirildiyini vurğulayıb. Eyni zamanda, cinayətlərin açılması və profilaktik tədbirlərin gücləndirilməsi şəxsi heyətin qarşısında mühüm vəzifə kimi qoyulub.

Sonda xidməti vəzifələrin icrasında polisə dəstək olan vətəndaşlara, veteranlara, dövlət qurumlarına və media nümayəndələrinə təşəkkür edən nazir, şəxsi heyətin Ali Baş Komandana və xalqa şərəflə xidmət etmək andına sadiq qalacağını əminliklə ifadə edib. Tədbirin rəsmi hissəsində akademiyanı baş leytenant rütbəsi ilə bitirən məzunlara fərqlənmə diplomları təqdim olunub və mərasim şəxsi heyətin təntənəli hərbi keçidi ilə başa çatıb.

02.07.2026 09:03