Azərbaycan və İran generalları sərhəddə bir araya gəldi

İyunun 1-də "Astara" dövlət sərhədindən buraxılış məntəqəsinin İran ərazisində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və İran Nizam-İntizam Qüvvələrinin Baş Komandanının müavini general-mayor Qasım Rzainin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Konsensus.az xəbər verir ki, bu barədə DSX-dan məlumat verilib. Məlumata görə, dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə iki ölkə sərhədindəki mövcud vəziyyət, təhlükəsizliyin təmin edilməsi, həmçinin dövlət sərhədinin işğaldan azad edilmiş hissəsində mühafizənin təşkili məsələləri müzakirə olunub. Eyni zamanda Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı tərəflər sərhəd mühafizə qurumları arasında əməkdaşlığın inkişafını yüksək qiymətləndirib, qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və transsərhəd cinayətkarlığa karşı birgə mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Sonda bu cür təmasların qarşılıqlı əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd olunub.

01.06.2026 12:25