Büdcədənkənar ödənişlərə qoyulan limitlərin vaxtı dəyişdi – Prezidentdən yeni Fərman

Prezident İlham Əliyev "Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında" Fərmana dəyişiklik edilməsi barədə yeni Fərman imzalayıb.

Konsensus.az xəbər verir ki, sənədə əsasən, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq olunma müddəti dəyişdirilib. Belə ki, sözügedən məhdudiyyətlər sentyabrın 1-dən deyil, oktyabrın 10-dan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, müəyyən edilən yuxarı hədlər aşağıdakı kimidir:

Vəzifə maaşına əlavələr: Təqvim ayı ərzində hər bir işçi üçün aylıq vəzifə maaşının 1,0 mislinədək;

Mükafat və digər ödənişlər: Təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.

07.10.2026 12:00