
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda 2, 10, 20 və 88A nömrəli marşrut xətlərinin bəzi aralıq dayanacaq məntəqələrinin yerini dəyişib.
Konsensus.az xəbər verir ki, sözügedən qərar M1, M2 və M3 nömrəli ekspres marşrutların "28 May" Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətini təmin etmək və ərazidəki avtobus sıxlığını azaltmaq məqsədilə qəbul olunub.
Dəyişikliyə əsasən, 2 nömrəli marşrut üzrə avtobuslar "Dərnəgül" m/s istiqamətində Puşkin küçəsi, Muğan bağının qarşısında, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində isə Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısında dayanacaqlar. 10 nömrəli marşrut Bakı Ağ Şəhər istiqamətində Puşkin küçəsi, Muğan bağının qarşısındakı dayanacaqdan istifadə edəcək. 20 nömrəli marşrut Qaraçuxur qəsəbəsi istiqamətində Puşkin küçəsi, Muğan bağının qarşısında saxlayacaq. 88A nömrəli marşrut isə Bakı Ağ Şəhər istiqamətində Puşkin küçəsi, Muğan bağının qarşısında, "Azadlıq prospekti" m/s istiqamətində isə Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısındakı dayanacaq məntəqəsinə yönləndirilib.