
Qanunsuz odlu silah saxlama və dələduzluq cinayətlərinə görə axtarışda olan M.Mirzəyev saxlanılarkən polis əməkdaşlarına silahlı müqavimət göstərib.
Konsensus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə əməkdaşlarına silahlı müqavimət göstərən M.Mirzəyev tabel silahı tətbiq olunmaqla zərərsizləşdirilib. Hadisə yerindən 1 ədəd "Makarov" markalı tapança aşkar edilərək götürülüb.
Qeyd olunub ki, zərərsizləşdirilən şəxs əvvəllər də ağır cinayətlərə — qəsdən adamöldürmə, qanunsuz olaraq odlu silah əldə etmə və saxlama, soyğunçuluq, qaçaqmalçılıq, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə dəfələrlə məhkum olunub.
Faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır. (Report)