Bakı məktəblilərinin riyazi savadlılıq göstəricisi yaxşılaşıb

Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2025-ci ildə 37 faizə düşüb. 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı isə 8.1 faizə yüksəlib.

Konsensus.az xəbər verir ki, bu nəticələr PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunmuş tədbirdə açıqlanıb.

Məlumata görə, Bakıda riyazi savadlılıq üzrə 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 2018-ci ildə 50.7 faiz, 2022-ci ildə 61.9 faiz, 2025-ci ildə isə 37 faiz olub. Beləliklə, 2025-ci ildə bu göstərici 2022-ci illə müqayisədə təxminən iki dəfə azalıb.

Eyni zamanda, Bakıda 5 və 6-cı səviyyələrdə nəticə göstərən şagirdlərin payı 2018-ci ildə 2 faiz, 2022-ci ildə 0.8 faiz olduğu halda, 2025-ci ildə 8.1 faizə çatıb.

Ölkə üzrə 2025-ci ilin nəticələrinə əsasən, şagirdlərin 51.6 faizi 2-ci səviyyədən aşağı nəticə göstərib. 20 faizi 2-ci, 15 faizi 3-cü səviyyədə, 4.7 faizi isə 5 və 6-cı səviyyələrdə qərarlaşıb.

Müqayisə üçün, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) üzrə orta göstəricidə 2-ci səviyyədən aşağı nəticə göstərənlərin payı 35 faiz, 5 və 6-cı səviyyələrdə nəticə göstərənlərin payı isə 8 faizdir.

Digər ölkələr arasında Sinqapurda 2-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payı 11 faiz, Estoniyada 16 faiz, Yaponiyada 19 faiz, Koreyada 17 faiz, Türkiyədə isə 26 faiz təşkil edib.

Qeyd edək ki, PISA 2025-in riyazi savadlılıq nəticələrinə əsasən, Azərbaycan 422 balla 91 ölkə və region arasında 49-cu yerdə qərarlaşıb. Bakı üzrə göstərici isə 460 bal olub.

08.09.2026 09:22