Beynəlxalq elmi bazalardan səmərəli istifadəyə dair təlim keçirilib

Elm və Təhsil Nazirliyi (ETN) ilə “Clarivate” şirkəti arasında imzalanmış milli müqavilə çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, İnformasiya Texnologiyaları İnstitutu və “Clarivate”in yerli nümayəndəliyinin birgə təşkilatçılığı ilə təlim keçirilib. İnstitutda baş tutan tədbir “ProQuest Central” akademik informasiya bazası və “Web of Science” elmmetrik bazasından səmərəli istifadə məsələlərinə həsr olunub.

Konsensus.az xəbər verir ki, təlimdə Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisə və təşkilatları təmsil edən 120-dən çox nümayəndə iştirak edib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən elmin inkişafı, elmi fəaliyyətin səmərəliliyinin artırılması və Azərbaycan elminin beynəlxalq məkanda rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Akademik bildirib ki, müasir dövrdə süni intellekt texnologiyaları və rəqəmsal analitik alətlərin tətbiqi elmi-tədqiqat fəaliyyətinə yeni yanaşmalar gətirir. Beynəlxalq elmi bazalardan məqsədyönlü istifadə tədqiqatçılara elmi bilikləri daha sistemli təhlil etmək, aktual istiqamətləri müəyyənləşdirmək, qlobal elmi tendensiyaları izləmək və araşdırmaların keyfiyyətini yüksəltmək imkanı verir.

ETN ilə “Clarivate” şirkəti arasındakı milli müqavilənin əhəmiyyətini vurğulayan institut rəhbəri qeyd edib ki, beynəlxalq elmi bazalara birbaşa çıxış imkanı yerli tədqiqatçıların resurslardan istifadəsini genişləndirir və tədqiqatların beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verir.

Rasim Əliquliyev Azərbaycan alimlərinin elmi nəticələrinin nüfuzlu, yüksek impakt faktorlu jurnallarda dərc olunmasının və mötəbər konfranslarda təqdim edilməsinin vacibliyini də vurğulayıb. O diqqətə çatdırıb ki, bu addım Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılması, yerli tədqiqatçıların qlobal elmi şəbəkələrə inteqrasiyası və beynəlxalq qrant layihələrində iştirak imkanlarının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

İnstitut rəhbəri beynəlxalq elmi bazaların süni intellekt əsaslı yeni xidmətlərindən istifadənin önəmini qeyd edərək, tədqiqatçıları bu resurslardan fəal yararlanmağa çağırıb və təlimin işinə uğurlar arzulayıb.

Daha sonra “Clarivate” şirkətinin Azərbaycan üzrə təmsilçisi Xəyalə Hacıyeva çıxış edərək Azərbaycanın elmi potensialının beynəlxalq platformalarda təmsil olunması istiqamətində görülən işlərdən bəhs edib. O, Azərbaycandan “DOAJ” beynəlxalq açıq elmi jurnallar kataloqunda indekslənən ilk jurnalın məhz İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” jurnalı olduğunu diqqətə çatdırıb. X.Hacıyeva, həmçinin dövlət proqramı çərçivəsində universitet və elmi müəssisələrdə rəqəmsal repozitoriyaların yaradıldığını, bu platformaların elmi işlərin beynəlxalq miqyasda əlçatanlığını təmin etdiyini bildirib. Şirkət təmsilçisi “Web of Science” və “ProQuest” resurslarının imkanlarından səmərəli istifadə üçün dəstək göstərilməsinin vacibliyini vurğulayıb və yaradılan şəraitə görə institut rəhbərliyinə təşəkkür edib.

“Clarivate”in müştəri məmnuniyyəti üzrə meneceri Handan İliç çıxışında “ProQuest Central” bazasının imkanları, elmi tədqiqatlarda istifadəsi və elmi mənbələrə çıxışın genişləndirilməsindəki rolu barədə məlumat verib. O, Azərbaycan, Türkiyə, Baltikyanı ölkələr və Bolqarıstanın müvafiq qurumları üçün oxşar təlimlərin keçirildiyini diqqətə çatdırıb.

Proqramın davamında Handan İliç “Tədqiqat yolunuzu ProQuest Central ilə başladın”, Xəyalə Hacıyeva isə “Elmi tədqiqatdan təsirə: “Clarivate” platformaları ilə effektiv tədqiqat strategiyası” mövzularında təqdimatla çıxış ediblər. Məruzəçilər iştirakçılara platformaların imkanlarını nümayiş etdirib, elmi tədqiqat prosesində onlardan səmərəli istifadə yollarını ətraflı izah ediblər.

Tədbirin sonunda təqdim olunan resurslar ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və gələcək fəaliyyət üçün prioritetlər müəyyənləşdirilib.

08.10.2026 13:00