Britaniyada erməni lobbi qruplarının fəaliyyəti diasporumuz tərəfindən balanslaşdırılır

Britaniyada erməni lobbi qrupları müəyyən təsir imkanlarına malik olsa da, onların ölkəmiz əleyhinə addımları Azərbaycan diasporunun fəaliyyəti ilə balanslaşdırılır.

Bu fikirləri “konsensus”a açıqlamasında Britaniya Azərbaycan Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib.

Onun sözlərinə görə, bəzi universitetlərdə Azərbaycan əleyhinə tədbirlərin keçirilməsinə cəhdlər olsa da, diaspor və tələbələrin birgə fəaliyyəti ilə bunun qarşısı alınır. Bu cür hallarda qısa müddətdə etiraz məktubları və ictimai təzyiq vasitəsilə nəticə əldə edilir. Pənahova vurğulayıb ki, məqsəd mübahisəli məsələləri genişləndirmək deyil, Azərbaycanın mövqeyini düzgün şəkildə təqdim etməkdir. Onun fikrincə, beynəlxalq akademik mühitdə faktlara əsaslanan yanaşma daha çox qəbul olunur və bu istiqamətdə tələbələrin rolu xüsusilə vacibdir və hazırda onlar son illərdə bu sahədə ciddi inkişaf müşahidə olunur. Onun sözlərinə görə, diaspor təşkilatları yalnız mədəni tədbirlər deyil, həm də siyasi və ictimai proseslərdə fəal iştirak edirlər. Onların dəstəyi ilə bir sıra universitetlərdə Azərbaycan əleyhinə planlaşdırılan tədbirlərin qarşısı alınıb. O vurğulayıb ki, bu fəaliyyətlər Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Eyni zamanda, milli layihələrimiz vasitəsilə uşaqlara Azərbaycan dili, tarixi və mədəniyyəti öyrədilir. Onun fikrincə, bu layihə xaricdə böyüyən yeni nəsildə milli kimliyin qorunmasında mühüm rol oynayır. Diaspor sədri vurğulayıb ki, əsas məqsəd gələcəkdə daha güclü və akademik əsaslı təşkilatlanmaya nail olmaqdır.

30.05.2026 10:22