
80 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz İsfahan Həsənov 17 yaşadək idmançılar arasında keçirilən dünya çempionatının yarımfinal görüşünə çıxıb.
Konsensus.az xəbər verir ki, o, yarımfinalda Litva təmsilçisi Benediktas Bubeleviçusla qarşılaşıb.
Gərgin keçən qarşılaşma Azərbaycan təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, İsfahan Həsənov yarımfinala gedən yolun müvafiq mərhələlərində Toma Yelenç (Xorvatiya), Şimon Treder (Polşa) və Abdülhalik Balını (Türkiyə) məğlub edib.
19:00
65 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı güləşçi Orxan Həbibli 17 yaşadək idmançılar arasında keçirilən dünya çempionatının yarımfinal görüşünə çıxıb.
Konsensus.az xəbər verir ki, o, yarımfinalda Ukrayna təmsilçisi İbrahim Nəsibova 3:4 hesabı ilə məğlub olaraq həlledici mərhələyə adlaya bilməyib.
Orxan Həbibli sabah bürünc medal uğrunda keçiriləcək görüşdə qüvvəsini sınayacaq.
18:32
48 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı yunan-Roma güləşçisi Ömər Salmanov 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
Konsensus.az xəbər verir ki, yarımfinalda o, Rusiya təmsilçisi Soltan Yusupovla qarşılaşıb.
Matç rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Ö.Salmanov sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Xatırladaq ki, Ö.Salmanov 1/8 finalda Avinaş Çetakeyə (Hindistan), 1/4 finalda isə Ali Mortaza Esmaeiliyə (İran) qalib gəlib.
16:00
Bu gündən Bakıda güləş üzrə U17 dünya çempionatına start verilib.
Konsensus.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın beş təmsilçisi xalça üzərinə çıxıb.
80 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi İsfahan Həsənov yarımfinal yolunda müvafiq olaraq Toma Yelenç (Xorvatiya), Şimon Treder (Polşa) və Abdulxaliq Balı (Türkiyə) məğlub edib.
48 kiloqramda mübarizə aparan Ömər Salmanov isə Avinaş Çetaken (Hindistan) və Ali Mortazı (İran) məğlub edərək yarımfinala yüksəlib.
Orxan Həbibli (65 kq) isə yarımfinal yolunda Qaspar Sançezə (Çexiya), Qabriel Lunquna (Rumınya) və Sardor Mahmudova (Özbəkistan) qalib gəlib.
Digər təmsilçilərimiz Emin Baxşəliyev (110 kq) və Qurban Məcnunov (55) isə mübarizəni dayandırıblar.
10:00
Bu gündən Bakıda güləş üzrə U17 dünya çempionatına start verilir.
Konsensus.az xəbər verir ki, yarışın ilk günündə beş çəkidə mübarizə aparacaq yunan-roma güləşçiləri xalça üzərinə çıxacaqlar.
Belə ki, bu gün 48, 55, 65, 80, 110 kq-da mübarizə aparan idmançılar güclərini sınayacaqlar.
Qeyd edək ki, ilkin mərhələ görüşləri 10:30-da start götürəcək. 17:15-də yarışın açılış mərasimi, 18:00-da isə yarımfinallar başlayacaq.