Şəfiqə Məmmədova: "Gündəmdə yeni filmlər var, kinomuz naminə bütün qüvvəmlə çalışacağam"

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilən Xalq artisti Şəfiqə Məmmədova jurnalistlərə müsahibəsində yenidən bu vəzifəyə gətirilməsindən və milli kinematoqrafiyanın cari vəziyyətindən bəhs edib.

Konsensus.az-ın əldə etdiyi məlumata görə, AKİ sədri bildirib ki, namizədliyinin irəli sürülməsinə razılıq verməsinə səbəb hələ də milli kinoya fayda verə biləcək potensialı özündə hiss etməsidir: “Mən bu barədə çox düşündüm. Lakin gücümün tükənmədiyini nəzərə alaraq namizədliyimin irəli sürülməsinə razılıq verdim”.

Kino sahəsində aydın canlanmanın müşahidə olunduğunu vurğulayan Xalq artisti yeni ekran əsərlərinin ərsəyə gəlməsini sevindirici hal kimi dəyərləndirib: “Yaxın günlərdə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən bəhs edən “44” filminin təqdimatı keçiriləcək. Bu ekran əsərindən gözləntilərim böyükdür. Tamaşaçılar tarixi Qələbəmizi əks etdirən dəyərli bir film izləyəcəklər”.

Şəfiqə Məmmədova, həmçinin hazırda yeni ssenarilərin yazıldığını, layihələrin müvafiq komissiyalarda müzakirə edilərək təsdiqləndiyini və Kino Agentliyində genişmiqyaslı işlərin aparıldığını diqqətə çatdırıb: “Mən də bu proseslərə qoşularaq təcrübə və bacarığımı Azərbaycan kinosunun inkişafına yönəltməyə hazıram. Kinomuz naminə bütün qüvvəmlə çalışacağam”.

Nurlan

11.09.2026 10:58