Hacı Əliyev: "U-17 millisində böyük uğurlar qazanacağımıza inanıram"

Azərbaycanın sərbəst güləş üzrə U-17 millisinin böyük məşqçisi vəzifəsinə təyin olunan ikiqat Olimpiya mükafatçısı, üçqat dünya və dördqat Avropa çempionu Hacı Əliyev yeni hədəfləri barədə danışıb.

Konsensus.az xəbər verir ki, uzun illər milli komandanın heyətində çıxış etdiyini və kapitan kimi Azərbaycanın sərbəst güləş tarixində mühüm uğurlara imza atdığını xatırladan veteran güləşçi, bundan sonra fəaliyyətini məşqçi kimi davam etdirəcəyini bildirib:

"Yeniyetmə yaş qruplarında çalışmaq çox məsuliyyətli və çətin bir vəzifədir. Çünki bu yaşda idmançılar hələ formalaşma mərhələsində olurlar. Onların həm texniki, həm də nəzəri hazırlığı üzərində ciddi işləmək lazımdır. Bizim əsas məqsədimiz gənc güləşçiləri növbəti yaş qruplarına tam hazır şəkildə yetişdirməkdir."

Hacı Əliyev bu məsuliyyətli yolda güclü bir məşqçi korpusu ilə birgə çalışacağını vurğulayı:"Bu yolda tək deyiləm. Mənimlə yanaşı, Qırxlar Bədəlov, Allahverdi Vəliyev və Yaşar Əliyev də fəaliyyət göstərəcəklər. İnanıram ki, birgə çalışaraq uğurlu nəticələr qazanacaq. Yeniyetmə güləşçilərə düzgün istiqamət vermək, onların potensialını tam üzə çıxarmaq və gələcəkdə böyüklər səviyyəsinə qədər inkişaf etmələrinə töhfə verməkdir."

Təcrübəli idmançı, özündən əvvəl U-17 yığmasına rəhbərlik etmiş Əsgərxan Novruzovun əməyini də yüksək qiymətləndirib:

"Əsgərxan müəllimin zəhməti danılmazdır. Komanda onun rəhbərliyi altında beynəlxalq arenada mühüm uğurlar əldə edib. Ona gələcək fəaliyyətində uğurlar arzulayıram".

H. Əliyev, həmçinin U-15 millisinin böyük məşqçisi vəzifəsinə təyin olunan Emin Əzizovu və U-20 yığmasının sükanı arxasına gətirilən Əşrəf Əliyevi təbrik edərək, güləş ailəsində birliyin önəmini qeyd edib:

"İstər U-15, U-17, U-20, istərsə də böyüklərdən ibarət millilər olsun – hamımız bir ailənin üzvləriyik. Bir-birmizə dəstək olmalı və vahid məqsəd uğrunda çalışmalıyıq. Bizim əsas vəzifəmiz güləşçiləri mərhələli şəkildə inkişaf etdirərək gələcək Olimpiya Oyunlarına hazırlamaqdır". (AZƏRTAC)

09.06.2026 12:58