İdman edərkən su içməyin düzgün qaydaları

Mütəxəssislər bildirirlər ki, idman zamanı orqanizmin su balansının qorunması performansın artırılması və sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Fiziki fəaliyyət zamanı bədən tərləmə yolu ilə maye itirir. Bu itki vaxtında bərpa olunmadıqda yorğunluq, başgicəllənmə, diqqətin azalması və əzələ spazmları yarana bilər.

Konsensus.az bu barədə ekspertlər məlumat verir. Belə ki, idmana başlamazdan 1-2 saat əvvəl kifayət qədər su qəbul etmək lazımdır. Məşq zamanı isə birdən-birə çoxlu su içmək əvəzinə, müəyyən fasilələrlə kiçik qurtumlarla maye qəbul etmək tövsiyə olunur. Xüsusilə isti hava şəraitində və uzunmüddətli məşqlər zamanı suya olan tələbat artır.

Araşdırmalar göstərir ki, orqanizmdə maye çatışmazlığı fiziki dözümlülüyü azaldır və ürək-damar sisteminə əlavə yük yaradır. Buna görə də peşəkar idmançılarla yanaşı, həvəskar şəkildə idmanla məşğul olan şəxslər də su qəbuluna diqqət yetirməlidirlər.

Mütəxəssislər qeyd edirlər ki, bir çox insan susuzluğu yalnız ağız quruluğu ilə əlaqələndirir. Halbuki baş ağrısı, halsızlıq və diqqət pozğunluğu da susuzluğun ilkin əlamətləri hesab olunur.

İdman sonrası dövrdə də itirilmiş mayenin bərpası vacibdir. Bu mərhələdə su ilə yanaşı, mineral maddələrlə zəngin qidaların qəbulu da faydalı hesab edilir.

Həkimlər bildirirlər ki, hər bir insanın gündəlik maye tələbatı yaşı, çəkisi, sağlamlıq vəziyyəti və fiziki aktivlik səviyyəsindən asılı olaraq dəyişir. Buna görə də su qəbuluna fərdi yanaşmaq lazımdır.

Zərifə Bəşirqızı

04.06.2026 02:07