İrana qarşı əməliyyatların gələn ilədək uzanacağı gözlənilir

Vaşinqton Yaxın Şərqdəki hərbi kontingentinin xidmət müddətini məxfi şəkildə artırır və İrana qarşı aparılan əməliyyatların bu il yekunlaşmayacağını istisna etmir.

Konsensus.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb. Nəşrin mənbə məlumatlarına görə, hazırda regionda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 19 gəmi, qırıcı eskadrilyaları, hava hücumundan müdafiə bölmələri və desant qüvvələri yerləşdirilib.

Regionda dislokasiya müddətinin uzanması şəxsi heyətin psixoloji və fiziki vəziyyətinə mənfi təsir göstərir, eyni zamanda hərbi texnikaya lazımi texniki xidmətin göstərilməsini çətinləşdirir. Logistik problemlər ucbatından dənizçilərin yaxınlarından məktub və bağlama alması gecikir, təchizatın yenilənməsi prosesində də çətinliklər yaşanır.

ABŞ Prezidenti Donald Tramp şəxsi söhbətlərində Tehranla hərbi qarşıdurmanın başa çatdığını elan etmək fikrini dəstəkləyir. O hesab edir ki, İrana göstərilən iqtisadi təzyiqlər Vaşinqtona öz məqsədlərinə çatmağa imkan verəcək. Buna baxmayaraq, regionda hələ də 50 min ABŞ hərbçisi qalmaqdadır.

Münaqişə uzandıqca hərbi qulluqçuların xidmət müddəti də planlaşdırılandan daha çox davam edir. Beləliklə, standart döyüş dislokasiyası müddəti 9 aydan 12 aya qədər artırılıb. Hərbi əməliyyatlar başlayandan regionda olan "Spruance" və "Delbert D Black" esminesləri dəniz blokadasında iştirak edir və heyət aylarla sahilə çıxa bilmir. 82-ci hava-desant diviziyasının bölmələrinin gələn il də regionda qalacağı gözlənilir. Regiona dislokasiya üçün hazırlanan "Theodore Roosevelt" aviadaşıyıcısının döyüş növbətçiliyi növbəti ilin yazına qədər uzadıla bilər.

03.09.2026 05:46