İsrail hökuməti 1915-ci il hadisələrini "soyqırımı" kimi taınıyb -Türkiyədən sərt reaksiya

İsrail Nazirlər Kabineti Birinci Dünya müharibəsi illərində Osmanlı imperiyasında baş vermiş hadisələri, xüsusən də ermənilərin kütləvi qətllərini yekdilliklə "soyqırımı" kimi tanıyan qərar qəbul edib.

Konsensus.az xəbər verir ki, bu barədə “Anadolu Ajansı” məlumat yayıb. İsrailin xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülən bu təşəbbüs bazar günü hökumət üzvləri tərəfindən təsdiqlənib. Qərarın qəbul edilməsindən sonra xarici işlər naziri "X" sosial şəbəkəsindəki hesabında paylaşım edərək, məsələyə göstərdiyi dəstəyə görə Baş nazir Benyamin Netanyahuya təşəkkürünü bildirib və İsrailin "tarixi həqiqəti" qəbul edərək öz mənəvi borcunu yerinə yetirdiyini iddia edib. Qeyd olunmalıdır ki, rəsmi Tel-Əvivin qəbul etdiyi bu qərar yalnız ölkə parlamenti (Knesset) tərəfindən ratifikasiya edildikdən sonra rəsmi qanuni qüvvəyə minəcək.

Türkiyə tərəfi Birinci Dünya müharibəsi dövründə yaşanan hadisələrin "soyqırımı" kimi tanınmasına görə İsrail rəhbərliyini kəskin şəkildə qınayıb. Ankaranın rəsmi bəyanatında bu addımın tamamilə siyasi xarakter daşıdığı və əsas məqsədin beynəlxalq ictimaiyyətin diqqətini İsrailin regional müstəvidə törətdiyi öz əməllərindən yayındırmaq olduğu vurğulanıb. Xatırladaq ki, rəsmi Ankara 1915-ci il hadisələrinin birtərəfli qaydada "soyqırımı" kimi tanınması ilə bağlı çağırışları və iddiaları hər zaman qətiyyətlə rədd edir, bu mövzunun siyasətçilər deyil, tarixçilər tərəfindən birgə arxivlər əsasında araşdırılmasının vacibliyini müdafiə edir.

29.06.2026 04:42