
Azərbaycan dili dünyanın ən qədim və zəngin dillərindən biridir. Şifahi xalq ədəbiyyatımızın ən qədim nümunələri məhz Azərbaycan dilində yaranıb. Yazılı ədəbiyyatımız da həmçinin dilimizi inkişaf etdirən, yaşadan və zənginləşdirən böyük bir xəzinədir. Dil bir xalqın milli mənliyinin möhürüdür.
Bu fikirləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib.
Akademik bildirib ki, dilin inkişafına qayğı inkişaf etmiş cəmiyyətlərin əksəriyyətində dövlət siyasəti səviyyəsində həyata keçirilir. Hazırda Qərbi Azərbaycan Dialektoloji Atlası hazırlanır. Eyni zamanda, Dərbənd Azərbaycanının Dialektoloji Atlasının hazırlanması planlaşdırılır. Bu gün dilimiz sürətlə inkişaf edir və ona davamlı olaraq yeni sözlər daxil olur. Biz dünyanın istifadə etdiyi terminlərdən tam imtina edə bilmərik. Ancaq həmin terminlərin Azərbaycan dilində qarşılığı varsa, dilimizin saflığını qorumaq naminə məhz bu qarşılıqlardan istifadə etməliyik. Terminologiya üzrə lüğətlərin hazırlanması xüsusi əhəmiyyət daşıyır. AMEA-nın elmi-tədqiqat müəssisələrində müstəqillik illərində 100 terminoloji lüğət hazırlanıb.
İ. Həbibbəyli qeyd edib ki, dövlətimizin başçısı dil məsələsini daim prioritet istiqamətlərdən biri kimi diqqətdə saxlayır. Azərbaycan dilinin saflığının qorunması, onun daxili imkanlar hesabına zənginləşdirilməsi, müasir dövrdə terminologiya və toponimika məsələlərinin inkişaf etdirilməsi qarşıda duran əsas vəzifələrdəndir. Ana dilimizin zəngin imkanlarından istifadə etmək və onu qorumaq hər birimizin borcudur.