Şirvan şəhərində universitet açılmalıdır?– Ekspertdən mühüm təklif

Şirvanda universitetin yaradılması məsələsinə sadəcə bir şəhərin ali məktəb ehtiyacı kimi baxmaq düzgün deyil. Burada söhbət bütövlükdə təxminən 500 min nəfərə yaxın əhalisi olan Şirvan-Salyan iqtisadi rayonunun ali təhsil imkanlarının genişləndirilməsindən və regional təhsil mərkəzinin formalaşdırılmasından gedir. Bu fikirləri təhsil eksperti Rizvan Fikrətoğlu Şirvanda ali təhsil müəssisəsinin təsis edilməsi təkliflərini şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, bu gün bölgə gənclərinin mühüm hissəsi ali təhsil almaq üçün Bakı və digər böyük şəhərlərə üz tutur. Şirvanda universitetin yaradılması isə ən azı üç strateji istiqamətdə əhəmiyyətli dərəcədə müsbət nəticə verə bilər. İlk növbədə, ali təhsilin regionlarda əlçatanlığı artar. Bakı şəhərində kirayə, nəqliyyat və yaşayış xərcləri ailələr üçün ciddi maliyyə yüküdür və regionda universitetin olması bu yükü kəskin azaldar. İkincisi, bu addım Şirvanın sosial-iqtisadi inkişafına təkan verər. Universitet təkcə tədris binası deyil; onun ətrafında yeni xidmət sahələri, tələbə yataqxanaları, iaşə obyektləri, startap və innovasiya mühiti formalaşacaq, ixtisaslı kadrların regionda qalması təmin olunacaq. Üçüncüsü isə yerli iqtisadiyyatın ehtiyaclarına uyğun kadr hazırlığı təmin edilər. Bu ali məktəb Bakıdakı ixtisasların təkrarı olmamalı, burada energetika, mühəndislik, İT, logistika, aqrar sahə və idarəetmə kimi regional potensiala uyğun istiqamətlərə üstünlük verilməlidir.

Rizvan Fikrətoğlu xüsusi olaraq vurğulayıb ki, universitet açmaq özü-özlüyündə yekun məqsəd olmamalıdır: “Əsas məsələ keyfiyyətli universitet yaratmaqdır. Əgər yalnız bina tikilib tələbə qəbul ediləcəksə, lakin güclü professor-müəllim heyəti, laboratoriyalar və əmək bazarı ilə əlaqələr olmayacaqsa, bu addım gözlənilən effekti verməyəcək. Ona görə də Şirvan üçün ənənəvi modeldən ziyadə, regional ixtisaslaşmış universitet modeli üzərində düşünmək daha məqsədəuyğundur.”

Ekspertin sözlərinə görə, Şirvan artıq kimya-biologiya təmayüllü liseyi və inkişaf etmiş məktəb şəbəkəsi ilə müəyyən təhsil bazasına malikdir. Məsələ təkcə şəhərdə ali məktəbin olması ideyası deyil, Şirvanı ali təhsil, elm və innovasiya mərkəzinə çevirə bilməkdir və bütün müzakirələr məhz bu istiqamətdə aparılmalıdır.

Ayla

21.09.2026 13:00