Şirvanda Zəfər tariximizə həsr olunmuş kitabların təqdimatı keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Şirvan şəhər təşkilatının və Şirvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, “Tərəqqi” medallı tanınmış ictimai-siyasi xadim və yazıçı Zərifə Quliyevanın müəllifi olduğu kitabların təqdimat mərasimi keçirilib.

Konsensus.az xəbər verir ki, YAP Şirvan şəhər təşkilatının inzibati binasında baş tutan tədbirdə şəhər rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və müəllifin qonaqları iştirak ediblər.

Tədbirdən əvvəl Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və Zərifə Quliyeva Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Təqdimat mərasimini giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov Zərifə Quliyevanın çoxşaxəli fəaliyyətindən, ictimai xadim və yazıçı kimi xidmətlərindən danışıb. O, müəllifin yaradıcılığında milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və vətənpərvərlik ideyalarının mühüm yer tutduğunu vurğulayıb. Z.Qəhrəmanov müəllifin “Zəfər tariximizin fatehləri”, “Xarüqələr yaradan qətiyyətli Lider” və “Qəhrəmanlıq zirvəsi” kitablarının əhəmiyyətindən söz açaraq, əsərlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin və xalqımızın qəhrəmanlığının dolğun əks olunduğunu diqqətə çatdırıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında Zərifə Quliyevanın ədəbi və ictimai fəaliyyətini yüksək qiymətləndirib. Müəllifin əsərlərində tarixi hadisələrin faktlara əsaslanaraq işıqlandırıldığını və milli yaddaşın qorunmasına xüsusi diqqət yetirildiyini bildirib. İ.Abbasov “Heydər Əliyev irsi”, “Zəfər tariximizin fatehləri”, “Xarüqələr yaradan qətiyyətli Lider”, “Qəhrəmanlıq zirvəsi” və “Diplomatiyamızın ağsaqqalı” kitablarının gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə dəyərli töhfə verdiyini vurğulayaraq müəllifə yeni uğurlar arzulayıb.

Tədbirdə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin müəllimi Elçin Məlikov, dil və ədəbiyyat müəllimi İbrahim Qurbanov, yazıçı və milli mətbuat fəalı Həmidə Hüseynova, “Şirvan” qəzetinin baş redaktoru, Şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, Şirvan şəhər Arxiv İdarəsinin müdiri Nəsibə Məmmədova, şəhid atası Alim Zülfüqarov və müəllifin tələbə yoldaşı, həkim Marif Abdullayev çıxış ediblər.

Həmçinin Bakıdan gələn nümayəndə heyətinin üzvləri – təqdimatı keçirilən kitabların redaktoru, siyasi şərhçi Əliqismət Bədəlov, Bakı Dövlət Universitetinin müəllimi, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin hüquqşünası Tamella Çələbi və birliyin Mədəni-maarif şöbəsinin müdiri Dilşad Əliyeva müəllifin yaradıcılığı və ictimai fəaliyyəti barədə fikirlərini bölüşüblər. Çıxışlarda Zərifə Quliyevanın xeyriyyəçilik təşəbbüslərindən, şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan bəhs olunub.

Tədbir çərçivəsində İbrahim Qurbanov Zərifə Quliyevaya həsr etdiyi şeiri səsləndirib, yazıçı Həmidə Hüseynova isə Şirvan şəhidlərindən bəhs edən kitabını müəllifə xatirə olaraq təqdim edib.

Sonda çıxış edən Zərifə Quliyeva Şirvan şəhərinin onun həyatında xüsusi yer tutduğunu, uşaqlıq və gənclik illərinin bir hissəsinin burada keçdiyini və şəhərin 10 nömrəli tam orta məktəbində təhsil aldığını xatırladıb. “Şirvan mənim üçün doğma və xatirələrlə zəngin bir şəhərdir”, – deyən müəllif doğma şəhərdə kitablarının təqdimatının keçirilməsindən məmnunluğunu bildirib. Şəhid ailələrinə və qazilərə xüsusi ehtiramını ifadə edən yazıçı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərin tarixi əhəmiyyətini vurğulayıb. Z.Quliyeva tədbirin təşkilinə və göstərilən diqqətə görə Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, YAP Şirvan şəhər təşkilatına və bütün iştirakçılara minnətdarlığını bildirib.

22.10.2026 10:00