
Sahibkarlar hazırda dövlət təhlükəsizliyi və maliyyə bazarları sahəsi istisna olmaqla, 23 fəaliyyət növü üzrə lisenziya almaq üçün KOB evlərinə müraciət edə bilərlər.
Konsensus.az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib. Qeyd edilib ki, KOB evlərində sahibkarlara lisenziyaların alınması üzrə informasiya dəstəyi göstərilir, müraciətlər və tələb olunan sənədlər qəbul edilir, eləcə də hazır sənədlər təqdim olunur. Bütün prosesin vahid məkanda həyata keçirilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan yaradır.
Müraciətlər fəaliyyət göstərilən ərazi üzrə KOB evləri və “ASAN xidmət” mərkəzləri ilə yanaşı, “Lisenziyalar və icazələr” portalı (lisenziya.gov.az) vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada da göndərilə bilər. Mövzu ilə bağlı ətraflı məlumatı smb.gov.az saytının “KOB evləri” bölməsindən və müvafiq portaldan əldə etmək mümkündür.
Sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda lisenziya 10 iş günündən gec olmayaraq verilir. Sənədin alınması üçün dövlət rüsumu ödənilir, regionlarda sahibkarlığın təşviqi məqsədilə isə rüsuma 50 faiz güzəşt tətbiq olunur. Qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, lisenziya müddətsiz verilir.
Qeyd edək ki, Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evləri vasitəsilə bugünədək 379 lisenziya verilib. Bu sənədlər əsasən tikinti-quraşdırma işləri, özəl tibb, əczaçılıq, baytarlıq preparatlarının satışı, sürətli poçt xidməti və aqrokimyəvi maddələrin idxalı sahələrini əhatə edib. Ümumilikdə isə 1 sentyabr 2026-cı il tarixinə İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə 20 min 397 lisenziya verilib.