
Rusiyanın müəyyən media subyektlərində və aparıcı teleqram kanallarında son günlər Azərbaycana qarşı müşahidə olunan sistemli hücumlar təsadüfi xarakter daşımır. Bir mərkəzdən idarə olunduğu aşkar hiss edilən bu kampaniya, əslində, rəsmi Bakının beynəlxalq hüquqa söykənən müstəqil xarici siyasət kursuna qarşı yönəlmiş qərəzli reaksiyadır.
Analitik nöqteyi-nəzərdən yanaşdıqda, mövcud gərginliyin kökündə dayanan əsas amilləri və Rusiyanın daxili siyasi reallıqlarını müxtəlif aspektdən izah etmək olar. Amma haradan, hansı baxış bucağından baxsaq işin icində ölkəmizə qarşı bir qəzəb və qərəzin olduğunu görməmək mümkün deyil.
Rusiyada Azərbaycana qarşı bu tipli ssenarilər həmişə olmuşdur. Bu nə ilk, nə də son deyil. Lakin son günlərdə baş verən qarayaxma kampaniyasının kökündə heç şübhəsiz ki, Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumundakı prinsipial bəyanatları oldu. Dövlət başçısının Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən, müharibənin dərhal dayandırılmasının vacibliyini vurğulayan obyektiv cavabı Rusiyadakı revanşist və müharibəpərəst qrupların ciddi narazılığına səbəb olub.
Kremlin müəyyən dairələri Bakıdan beynəlxalq hüququ tapdalayan hərəkətlərə haqq qazandırmağı və işğal faktını qəbul etməyi gözləyirdilər. Lakin Azərbaycan liderinin ədalətli mövqeyi bu gözləntiləri boşa çıxardı. Digər tərəfdən, həmin dairələr İlham Əliyevin Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin inkişafına verdiyi müsbət qiyməti və Moskva ilə münasibətlərə göstərdiyi yüksək diqqəti qəsdən görməzdən gəlirlər. Bu isə aparılan kampaniyanın tamamilə qərəzli və birtərəfli olduğunu sübut edir. Bundan əlavə, Kremlin sözügedən revanşist və Velikorus şovinizmindən əziyyət çəkən dairələri Rusiyanın daxili problemlərini pərdələmək üçün “düşmən obrazı” axtarışına çıxıblar. Bir həqiqəti anlamırlar ki, Ukrayna cəbhəsində uzanan müharibə, iqtisadi sanksiyaların ağır fəsadları və ölkə daxilinə yönələn hərbi zərbələr Rusiya cəmiyyətində narahatlığı artırır. Gümanki, belə bir vəziyyətdə daxili auditoriyanın diqqətini real problemlərdən – iqtisadi tənəzzül, inflyasiya və yanacaq böhranından – yayındırmaq üçün ksenofobik tezislərə ehtiyac yaranıb.

Bəli, Rusiya elitasında kök salmış qeyd etdiyimiz şovinist və imperiya təfəkkürlü qüvvələr süni şəkildə xarici düşmən axtarışına çıxıblar. Hazırda diqqəti Azərbaycana yönəldiblər. Bəzən digər postsovet ölkələrinə-- Qazaxıstana, Özbəkistana, Gürcüstana və digərlərinə qarşı istiqamət alırlar. Rusiya ictimai rəyini mövcud uğursuzluqlardan yayındırmaq üçün elə bil püşk atılır və hansısa postsovet ölkəsi hədəf seçilir.
Belə olduqda, ölkədə qeyri-slavyan xalqlara və miqrantlara qarşı qərəzli hüquqi məhdudiyyətlər tətbiq olunur, deportasiyalar intensivləşir. Həmçinin dövlət təbliğatında ksenofobiya elementləri artır, anti-Qafqaz, anti-Orta Asiya arealından gəlmiş etnik azlıqlar həm sosial sahədə sıxışdırılır, həm də Ukrayna cəbhəsinə göndərilmək üçün hədəf seçilirlər.
Şimal qonşumuzdakı qərəzli dairələrin yersiz ittihamlarına baxmayaraq, Azərbaycan tərəfi hər zaman regionda sabitliyin tərəfdarı olduğunu əməli addımlarla sübut edir. İstər Cənubi Qafqaz, istərsə də digər postsovet ölkələrində Rusiyayla tarixi qonşuluq münasibətlərinə ən sağlam yanaşan ölkələrdən biri də məhz Azərbaycandır. Baxmayaraq ki, cavab çox zaman adekvat olmur. Halbuki dövlətarası münasibətlərdə bütün məsələlər adekvat, qarşılıqlı hörmət və səmimi əməkdaşlıq prinsiplərinə əsaslanmalıdır. Lakin qarşı tərəfdəki qərəzli tezislərdən ilhamlanan qüvvələr bu diplomatik jestləri dəyərləndirmək əvəzinə, təzyiq ritorikasını davam etdirməyə üstünlük verirlər.
Rusiya hələ də postsovet məkanındakı yeni geosiyasi reallıqları qəbul etməkdə çətinlik çəkir. Regionda təkbaşına öz torpaqlarını azad edən və tam suverenliyini bərpa edən güclü Azərbaycan faktoru Kremlin köhnə, "parçala və idarə et" prinsipinə əsaslanan regional siyasət alətlərini sıradan çıxarıb.
Cənubi Qafqazda sabitliyə nail olmaq üçün Rusiyanın siyasi elitası arxaik imperiya ambisiyalarından əl çəkməlidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bölgəni idarə etmək üçün istifadə olunan köhnə metodologiyalar artıq tamamilə yararsızdır. Moskva başa düşməlidir ki, regional əməkdaşlığın yeganə yolu təzyiq və qarayaxma kampaniyaları deyil, suverenliyə hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə söykənməkdir.
Anar Turan,
Konsensus.az analitik informasiya portalının baş redaktoru
