
Laçın rayonunun Alxaslı kənd sakinləri 1992-ci ilin avqustunda Hoçaz kəndi uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsini yad ediblər. Kənd sakinləri döyüşün cərəyan etdiyi tarixi məkanı və şəhidlərimizin ucaldığı yüksəklikləri ziyarət edərək, vuruşan igidlərimizin ruhi müqəddəsliyinə ehtiramlarını bildirib, ruhlarına dualar oxuyublar.
Bu ziyarət fonunda 32 il əvvəl – 1992-ci ilin avqustunda Hoçaz istiqamətində baş verən və hərb tariximizə unudulmaz şücaət səhifəsi kimi yazılan döyüşün səhifələrindən söhbət açılıblar.
Hoçaz laçınlılar üçün zəfər və nisgilin birləşdiyi məkandır. Belə ki, 1992-ci ilin iyul-avqust günəşli yay günlərində mərhum Vaqif Quliyevin komandirliyi altında rota Alxaslı kəndindən hərbi-strateji baxımdan böyük əhəmiyyət kəsb edən Hoçaz kəndi istiqamətinə irəliləyirdi. Sakinlər bildirir ki, komandir yuxarı rəhbərliyi məlumatlandırmağa belə lüzum görmədən dərhal hücum qərarı vermişdi. 80 nəfərlik rota ilə düşmənin 100 nəfərlik qüvvəsinə qəfil zərbə vurmağı qarşılarına məqsəd qoyurlar.
Saat 16.00-da Hoçaz dağının ətəyində düşmən mövqelərini tam müəyyənləşdirib hərəkətə keçirlər. 15 nəfərlik xüsusi dəstə dağdan aşaraq ermənilərin arxasına keçir. Başlayan qəfil hücum nəticəsində düşmənin bütöv bir rotası məhv edilir. Təxminən 50-yə yaxın erməni qulduru öldürülür. Bir nəfər isə əsir götürülür.
Lakin bu parlaq qələbə də itkisiz ötüşməmişdi. Amansız döyüşdə yerli döyüşçülərdən qəhrəmancasına şəhid olanlar var idi: Minkənddən Vüqar, Alxaslıdan Qasım və Polad, Hoçazdan Asəf və Kamil qardaşları, Vağazindən Ramiz, Bozgüneydən Səməd qəhrəmancasına həlak oldular.
Bu gün o qəhrəmanlıq tarixi unudulmur. Bir neçə gün əvvəl Alxaslı kəndinin sakinlərinin məhz bu döyüşün cərəyan etdiyi tarixi məkanı ziyarət etməsi Hoçaz yüksəkliklərində yürüş etməsi onu sübut edir ki, qəhrəmanlarımızın göstərdiyi şücaət nəsil-nəsil yaşayacaq və heç vaxt unudulmayacaqdır.

