Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzini ziyarət edib

Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, eləcə də Saida və Şaxnoza Mirziyoyevalar ilə birlikdə Daşkənddə yerləşən İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.

Konsensus.az AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə təsis olunan bu mərkəz 10 hektardan çox ərazini əhatə edir. Səmərqənd şəhərinin qədim memarlıq üslubunda inşa edilən kompleks 65 metrlik möhtəşəm günbəzə sahibdir. Mərkəzin binasında 100 min əlyazma və 1 milyondan çox kitabın mühafizə olunduğu zəngin kitabxana, həmçinin nadir əlyazmaların milli reyestrinin aparılması şöbəsi, əlyazmalar fondu və arxivlər fəaliyyət göstərir.

Mərkəzdə müxtəlif tarixi dövrlərə aid eksponatlar və incəsənət əsərləri müasir rəqəmsal texnologiyalar vasitəsilə nümayiş etdirilir. Muzey ekspozisiyası "İslamdan əvvəl sivilizasiyalar", "Birinci İntibah dövrü", "İkinci İntibah dövrü", "XX əsrdə Özbəkistan", "Yeni Özbəkistan - Üçüncü İntibahın əsası" və "Müqəddəs Quran" zallarından ibarətdir.

Məkanın mərkəzi hissəsini təşkil edən "Müqəddəs Quran" zalında müsəlman dünyasının mənəvi incisi sayılan "Osman Quranı", eləcə də müxtəlif dövrlərə aid əlyazma nüsxələri və özbək dilinə tərcümələr təqdim olunur. Yüzlərlə alim, ekspert və dini xadimin iştirakı ilə ərsəyə gələn bu layihə UNESCO və ICESCO kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.

23.08.2026 18:59