Namanganda III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində konfrans keçirilib

Özbəkistanın Namangan şəhərində keçirilən III Beynəlxalq Məqam Sənəti Forumu çərçivəsində “Şərq məqamının yeni tendensiyaları: ənənə və innovasiyanın qarşılıqlı əlaqəsi” mövzusunda konfrans təşkil olunub.

Konsensus.az xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondundan məlumat verilib. Qeyd olunur ki, tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova türk dünyasının musiqi irsinin qorunmasının vacibliyini qeyd edib. O, Özbəkistanın mədəni irsin inkişafındakı rolunu yüksək qiymətləndirib, Fond tərəfindən irsin rəqəmsallaşdırılması və Birinci Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş layihələrə toxunub. A.Raimkulova süni intellekt və müasir texnologiyaların məqam sənətinin təbliğində yeni imkanlar açdığını vurğulayıb.

Fond rəhbəri Özbəkistan Prezidentinin Yeni Daşkənddə Ümumdünya Məqam Mərkəzinin, Beynəlxalq Məqam Akademiyasının, rəqəmsal kitabxananın yaradılması və Ümumdünya Məqam Antologiyasının hazırlanması barədə təşəbbüslərini dəstəkləyib.

Konfransda müxtəlif ölkələrdən olan alimlər və musiqişünaslar məqam sənətinin müasir inkişafı, rəqəmsal texnologiyaların tətbiqi və bu irsin gənclər arasında təbliği ətrafında fikir mübadiləsi aparıblar. Tədbir humanitar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi dəyərləndirilib.

24.06.2026 08:05