
Rusiyanın təminat marşrutlarına endirilən kütləvi və kəsərli zərbələr Ukrayna dronlarının genişlənən potensialından və onların istehsal gücünün əhəmiyyətli dərəcədə çoxalmasından xəbər verir.
Konsensus.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb. Qeyd edilir ki, son aylarda orta mənzilli pilotsuz uçuş aparatlarının (PUA) intensiv şəkildə tətbiq edilməsi Ukrayna Ordusuna işğal olunmuş Krıma uzanan və "quru körpüsü" adlandırılan "R-280 Novorossiya" federal magistral yolunu atəş nəzarətində saxlamağa şərait yaradıb.
Qeyd olunur ki, sözügedən magistral həm ilhaq edilmiş yarımadanın, həm də cənub cəbhəsində — Xerson və Zaporojye vilayətlərində yerləşən Rusiya qüvvələrinin tədarükünü təmin edir. Baharın əvvəlindən bəri PUA-larla həyata keçirilən hücumlar regiondakı Rusiya HHM (Hava Hücumundan Müdafiə) sistemlərini sıradan çıxarıb. Bundan sonra Ukrayna dronları işğal olunmuş ərazilərdə istənilən istiqamətdə rahat hərəkət etmək imkanı qazanıblar. İndi cəbhə xəttindən 100 km uzaqlıqda yerləşən "Novorossiya" avtomobil yoluna çatmaq Ukrayna PUA-ları üçün cəmi bir saatlıq işdir.
Nəşr qeyd edir ki, işğalçı qüvvələrin logistik xətlərinə endirilən sarsıdıcı zərbələr Kiyevin artıq müttəfiqlərinin silah tədarükündən tam asılı olmadığını nümayiş etdirir.
Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qənaətinə görə, magistral yollara edilən hücumlar, həmçinin anbarların, komanda məntəqələrinin və HHM sistemlərinin davamlı şəkildə bombalanması Kremlin cəbhəyə canlı qüvvə və hərbi texnika köçürmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Nəticədə, Rusiya qoşunlarının cənub istiqamətində irəliləmə tempi əvvəlki illərlə müqayisədə kəskin şəkildə zəifləyib.
Elvin Səxavətoğlu