
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib.
Konsensus.az xəbər verir ki, qonaq, ilk növbədə, Hindistan Prezidenti Draupadi Murmunun və Baş nazir Narendra Modinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, Azərbaycan Prezidenti ilə Hindistanın Baş naziri arasında Bişkekdə keçirilmiş görüşü xatırladaraq, ölkəmizə Baş nazir Narendra Modinin tapşırığına əsasən səfər etdiyini bildirib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Hindistan Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
Dövlətimizin başçısı Hindistanın Baş naziri Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşünü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırladıb. Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirinin Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu bildirilib.
Həmçinin Azərbaycanın və Hindistanın Qlobal Cənubun bir hissəsi kimi beynəlxalq gündəlikdə duran, o cümlədən Qlobal Cənub ölkələrini narahat edən bir sıra məsələlərə dair oxşar mövqədən çıxış etdikləri qeyd olunub. Bu xüsusda siyasi, iqtisadi-ticari, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə də toxunulub. İkitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin görüşlərinin keçirilməsinin vacibliyi vurğulanıb. (AZƏRTAC)