
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində türk dövlətlərinin birliyi, tarixi irsi və gələcək hədəfləri ilə bağlı mühüm bəyanatlar verib.
Konsensus.az xəbər verir ki, dövlət başçısı müraciətində bu əlamətdar layihənin ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığını vurğulayıb. Yüz il əvvəl Bakıda təşkil olunan Birinci Türkoloji Qurultayın zəngin qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında müstəsna əhəmiyyətə malik olduğunu qeyd edən Prezident, Bakı şəhərinin hələ ötən əsrin əvvəllərindən yüksək intellektual mühiti ilə dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanındığını diqqətə çatdırıb.
Dövlət başçısı qeyd edib ki, qurultayda səslənən başlıca ideyaların, xüsusən vahid ümumtürk əlifbasına keçilməsi kimi mütərəqqi addımların qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən süni şəkildə alınsa da, bu mütərəqqi fikirlər bu gün Türk Dövlətləri Təşkilatının ortaq humanitar məkan formalaşdırmaq üçün uğurla gerçəkləşdirdiyi layihələrin əsas bünövrəsini təşkil edir. Türk dünyası ailəsinin böyük bir sivilizasiya yaratmış əcdadlarımızın şəninə yaraşan tərzdə əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən biri olmaq yolunda inamla irəlilədiyini bəyan edən Prezident İlham Əliyev, bu ailənin möhkəmliyi və sarsılmazlığı naminə Azərbaycanın bundan sonra da var qüvvəsini əsirgəməyəcəyini xüsusi olaraq qeyd edib. Azərbaycan lideri Türk Dünyası Həftəsi çərçivəsində reallaşacaq silsilə tədbirlərin parlaq tarixi-mənəvi irsimizin qorunub saxlanılmasına və geniş təbliğinə əvəzsiz töhfələr verəcəyinə əminliyini bildirib.
Rüfət