Qarabağda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. İyulun 13-də Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir.

Konsensus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış mərasimində iştirak edir.

Dövlət başçısı tədbirdə çıxış edərək forumun əhəmiyyətindən və keçirilmə məqsədlərindən danışıb. Prezident İlham Əliyev qeyd edib ki, bu ənənəvi tədbirin əsas ideyası dünyanın müxtəlif guşələrindən gəlmiş media nümayəndələrinin qarşılıqlı maraq və narahatlıq doğuran qlobal məsələləri müzakirə etməsi üçün açıq platforma yaratmaqdır. Azərbaycan lideri, həmçinin xarici qonaqların Qarabağ və Şuşa ilə yaxından tanış olmasının, bölgədə aparılan genişmiqyaslı yenidənqurma və inkişaf işlərini öz gözləri ilə görmələrinin önəmini vurğulayıb.

İki gün davam edəcək beynəlxalq forum çərçivəsində rəqəmsal dövrdə medianın üzləşdiyi çağırışlar, sülh prosesində informasiya təminatı, dezinformasiya ilə mübarizə və etimad mühitinin formalaşdırılması kimi mühüm mövzularda panel müzakirələri aparılacaq.

13.07.2026 05:03