
ABŞ Prezidenti Donald Trampın Türkiyə ilə bağlı "F-35" mesajı yenidən gündəmə gəlib. Tramp Türkiyəni "sadiq müttəfiq" adlandıraraq heç kimin Türkiyənin F-35 proqramına qayıtmasına mane ola bilməyəcəyini deyib. Lakin bu açıqlama fonunda əsas sual ortaya çıxır: Trampın siyasi iradəsi F-35 məsələsində real nəticəyə çevrilə bilərmi? Türkiyənin bu proqrama qayıdacağı ilə bağlı hansı hüquqi, siyasi və hərbi maneələr mövcuddur? Çünki Ankaranın F-35 proqramına geri qayıtmasının qarşısındakı ən böyük siyasi maneə hələ də Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemləri olaraq qalır. Bu da ABŞ qanunvericiliyinə əsasən CAATSA sanksiyalarını gündəmə gətirir və S-400 məsələsi həll edilmədən Türkiyənin F-35 proqramına dönüşünü sual altında saxlayır. Bu baxımdan, Vaşinqtonun, NATO müttəfiqlərinin, regional güclərin və müxtəlif siyasi təsir qruplarının mövqeyi də mühüm rol oynayır. Bəs belə olan halda, Türkiyənin müdafiə sənayesində artan imkanları, NATO daxilində dəyişən rolu və bölgədəki geosiyasi mövqeyi fonunda F-35 məsələsinin gələcəyi necə formalaşacaq?
Konsensus.az xəbər verirki Kütahya Dumlupınar Universitetinin professoru, beynəlxalq münasibətlər üzrə şərhçi Hüsamettin İnaç mövzu ilə bağlı Oxu.az-ın suallarını cavablandırıb.

-Professor, son günlər ABŞ Prezidenti Donald Trampın Türkiyə ilə bağlı verdiyi açıqlamalar diqqət mərkəzindədir. Sizcə, bu açıqlamaların əsas əhəmiyyəti nədən ibarətdir?
-Trampın verdiyi açıqlamalar çox böyük əhəmiyyət daşıyır. Onun dünən Miçiqan ştatında avtomobil zavodunun açılışı zamanı etdiyi çıxışda səsləndirdiyi fikirlər, həm də 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitində verdiyi açıqlamalar bu baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir. Tramp xüsusilə beynəlxalq ictimaiyyət qarşısında Türkiyəyə üç mühüm vəd verdi. Bunlardan biri KAAN təyyarələrimizdə istifadə edəcəyimiz F110 reaktiv mühərriklərinin Türkiyəyə verilməsi ilə bağlıdır. Bu məsələ Konqresdən də keçdi. 15 günlük bildiriş müddətindən sonra heç bir etiraz daxil olmadığı üçün artıq bu mövzuda hər hansı bir maneə qalmadı. Türkiyəyə 80 ədəd mühərrikin veriləcəyi dəqiqləşmiş oldu. Bu isə bizim 40 ədəd KAAN təyyarəmizin mümkün qədər tez səmaya qalxması və silahlanmaya daxil edilməsi deməkdir ki, bu da olduqca vacib bir məqamdır.
-Trampın Türkiyə ilə bağlı digər vədləri hansı məsələləri əhatə edir və nə qədər əhəmiyyətlidir?
-Bunlardan biri CAATSA kimi ifadə edilən, Amerikanın rəqiblərinə qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılmasıdır. Burada söhbət Türkiyəyə qarşı tətbiq edilən sanksiyalardan gedir. Belə ki, Türkiyə 2018-ci ildə Rusiyadan S-400 sistemlərini almaq məcburiyyətində qaldığı üçün ABŞ tərəfindən bu sanksiyalar tətbiq edilmişdi. Bu qadağalar nəticəsində Türkiyə F-35 proqramına başlanğıcından etibarən daxil olmasına baxmayaraq, proqramdan çıxarıldı.
-Belə olan halda, CAATSA sanksiyalarının aradan qaldırılması qarşısında hansı hüquqi və siyasi maneələr mövcuddur? Yəni, sanksiyaların aradan qaldırılması hansı halda mümkündür?
-Burada çox ciddi problemlər mövcuddur. Xüsusilə CAATSA məsələsində Türkiyəyə qarşı tətbiq edilən embarqonun aradan qaldırılması üçün ABŞ-nin müdafiə qanunvericiliyində ciddi dəyişikliklərin edilməsi tələb olunur. Çünki Amerika qanunvericiliyi bu məsələ ilə bağlı üç mühüm şərt irəli sürür: Birincisi, S-400 müdafiə sistemlərinin passiv vəziyyətə gətirilməsi, ikincisi, onların ölkə ərazisindən çıxarılması, üçüncüsü isə bundan sonra Rusiya ilə buna bənzər hər hansı bir razılaşmaya imza atılmayacağına dair öhdəlik götürülməsi. Əslində, S-400-lərin fəaliyyətsiz vəziyyətə gətirilməsi mümkündür. Rusiya ilə bundan sonra belə bir alış-verişin həyata keçirilməyəcəyi də öhdəlik kimi təsdiqlənə bilər. Lakin çətin məsələ S-400 sistemlərinin ölkə xaricinə çıxarılmasıdır.
-Bu halda hansı həll variantları gündəmə gələ bilər?
-Ya Amerika qanunvericiliyi dəyişdirilməlidir, ya da Türkiyə əlində olan S-400 sistemlərini üçüncü bir ölkəyə satmaq məcburiyyətində qalacaq. Burada xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Qətərin adı hallanır. Lakin bu mərhələdə Rusiyanın razılığının alınması tələb olunur. Ancaq görünən odur ki, Rusiya asanlıqla bu razılığı verənə oxşamır.
-Bəs, Rusiya niyə S-400 məsələsində Türkiyəyə güzəştə getmək istəməyə bilər?
-Çünki Ukrayna ilə müharibənin başladığı gündən etibarən bitərəf siyasət yürüdən Türkiyə, son dövrdə, xüsusilə NATO sammitindən sonra Ukraynaya və Ukraynanın arxasında duran NATO və Avropa müttəfiqlərinə daha çox yaxınlaşan mövqeyə gəlib. Xüsusilə Qara dəniz təhlükəsizliyinin təmin edilməsi çərçivəsində İstanbulda yaradılan NATO donanması Rusiyanı ciddi şəkildə narahat edir. Bundan əlavə, son dövrdə Türkiyənin Ukraynaya silah satışları və Ukraynada mühərrik istehsalı həyata keçirməsi də Rusiyanın narazılığına səbəb olur. Nəticə etibarilə, Rusiya buna öz reaksiyasını göstərmək məqsədilə Türkiyədən meyvə-tərəvəz idxalını əhəmiyyətli dərəcədə dayandırıb. Bu isə Rusiyanın adətən istifadə etdiyi əsas təzyiq vasitələrindən biridir. Yəni bu vəziyyət Rusiyanın hazırda Türkiyənin siyasətindən narazı olduğunu göstərir. Halbuki Türkiyə Rusiya üçün əslində bir nəfəslik rolunu oynayır. Çünki demək olar ki, bütün dünya Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi halda, Türkiyə Rusiyaya qarşı heç bir embarqo tətbiq etməyib. Hava, dəniz və quru yolları baxımından Türkiyə onlar üçün açıqdır. Rusiyalı bir vətəndaş əgər istirahətə getmək və ya ölkə xaricinə çıxmaq istəyirsə, bunu böyük ölçüdə Türkiyə üzərindən həyata keçirə bilir. Bu səbəbdən Rusiyanın bu mərhələdə Türkiyəyə qarşı ata biləcəyi addımların kifayət qədər məhdud olduğu görünür.
-Belə olan halda, əsas maneə ABŞ Konqresinin müsbət rəy verəcəyi ilə bağlıdır?
-Təbii ki, biz bu məsələləri həll etsək belə, Konqresdə F-35 proqramına geri dönüş icazəsinin asanlıqla veriləcəyi mənə görə çox da mümkün görünmür. Çünki burada İsrail amili də işə düşür. İsrail hava üstünlüyünü qorumaq məsələsində ABŞ-yə təzyiq göstərir. Yəni İsrail Yaxın Şərqdə yeganə hegemon güc olmaq istəyir və bunun da hava üstünlüyünün saxlanılmasından keçdiyini düşünür. Əgər Türkiyəyə F-35-lər verilərsə, həmçinin F-16 modernizasiya paketləri və F-16 təyyarələri Türkiyəyə təqdim olunarsa, İsrail Türkiyənin bölgədə hava üstünlüyünü əldə edə biləcəyindən narahatdır. Xüsusilə Suriya başda olmaqla, Türkiyənin bölgədə hava, dəniz və quru bazaları qurması İsrailin imkanlarını məhdudlaşdıran və onun əməliyyatlarının, daha doğrusu, bizim baxışımıza görə, törətdiyi soyqırımların qarşısını alan addımlar kimi qiymətləndirilir. Bu səbəbdən də İsrail bu ehtimaldan ciddi narahatlıq keçirir.
-Trampın bu gün Oval Ofisdə Netanyahu ilə görüşü də bu baxımdan mühüm hesab olunur. Sizcə, bu görüşdə hansı məsələlər gündəmə gələcək?
-Nəticə etibarilə, bu gün Benjamin Netanyahu ilə Tramp arasında Oval kabinetdə bir görüş keçiriləcək və bu görüşdə Netanyahu böyük ehtimalla bu məsələni gündəmə gətirərək Türkiyədən şikayət edəcək. Lakin Tramp Netanyahu görüşə gəlməmişdən əvvəl belə bir açıqlama verdi. Miçiqandakı toplantı zamanı bir jurnalistin sualına cavab olaraq bildirdi ki, "Biz Türkiyəni çox sevirik, Prezident Ərdoğanla bir-birimizə hörmət edirik və heç kim bizə kimə nə satacağımızı və nə qədər satacağımızı deyə bilməz. Buna özümüz qərar veririk." Beləliklə, Tramp, əslində, görüşdən əvvəl Netanyahuya müəyyən mənada mesaj vermiş oldu. Bu səbəbdən burada xüsusilə F-35-lərin verilib-verilməyəcəyinin əsas göstəricisi Trampın İsrail tərəfdarı qurumların təzyiqinə nə dərəcədə qarşı dura bilməsi ilə bağlıdır.
-Maneələr bununla məhdudlaşır?
-Əksinə, məsələ yalnız Netanyahu ilə məhdudlaşmır. CIA (Mərkəzi Kəşfiyyat İdarəsi), Pentaqon (ABŞ Müdafiə Nazirliyi) və CENTCOM (Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığı) xüsusilə İsrailə yaxın mövqelərin daha güclü olduğu qurumlardır və Tramp üzərində ciddi təzyiq yaradırlar. Konqres üzvlərinin də əhəmiyyətli bir hissəsi AIPAC (Amerika-İsrail İctimai Əlaqələr Komitəsi) adlı lobbi təşkilatının dəstəyini, maliyyə töhfələrini və təsdiqini alaraq öz vəzifələrinə gəliblər. Bu şəxslər də İsrailin maraqları istiqamətində lobbiçilik fəaliyyətini davam etdirirlər. Buna qarşı çıxan digər bir lobbi də yunan lobbiləridir. Onlar da ABŞ-də kifayət qədər güclüdür. Xüsusilə Türkiyənin son dövrdə "Mavi Vətən" doktrinasını ortaya qoyması, Şərqi Aralıq dənizində hidrokarbon ehtiyatlarının paylaşılması məsələsində ciddi irəliləyiş əldə etməsi, öz hərbi donanmasını və döyüş gəmilərini istehsal edərək onları Şərqi Aralıq dənizində yerləşdirməsi Yunanıstan tərəfindən olduqca aqressiv bir mövqe və ya birtərəfli şəkildə sabitliyi pozan addım kimi qiymətləndirilir. Bu yanaşma ABŞ-də də məhz bu şəkildə təqdim olunur. Xüsusilə Yunanıstanın ərazi sularını 12 milə çıxarmaq qərarı Egey dənizində (Adalar dənizində) Türkiyə tərəfindən kəskin şəkildə qarşılanır (Türkiyə və Yunanıstanın Egey dənizindəki ərazi suları hazırda qarşılıqlı olaraq 6 dəniz milidir - red). Türkiyə parlamentinin qəbul etdiyi qərara əsasən, əgər Yunanıstan ərazi sularını 12 milə qədər genişləndirərsə, bunun "casus belli", yəni müharibə səbəbi kimi Türkiyə tərəfindən qiymətləndiriləcəyi açıq şəkildə bildirilib. Digər tərəfdən, Lozanna müqaviləsinə əsasən qeyri-hərbi statusda olan adaların silahlandırılması da Türkiyə tərəfindən müharibə səbəbi kimi qiymətləndirilir. Məhz bütün bu amillərə görə biz İsrail tərəfdarı lobbi ilə Rum-Yunan lobbisinin əməkdaşlığını müşahidə edirik. Xüsusilə bu çərçivədə Erməni və Hindistan lobbilərinin də prosesə qoşulduğu məlumdur. Məlum olduğu kimi, ABŞ lobbilərin güclü olduğu bir ölkədir. ABŞ qərar verərkən bu lobbilərin təsirini və Türkiyə ilə bağlı mövqelərini də nəzərə alaraq bir qiymətləndirmə aparacaq. Bu baxımdan, vəziyyətin mürəkkəbliyi aydın görünür.
-Bütün bu faktorları nəzərə aldıqda, hansı nəticənin meydana çıxması daha mümkün görünür?
-Hesab edirəm ki, müəyyən formada bir həll yolu tapılacaq. Lakin F-35-lərin Türkiyəyə verilməsi məsələsi olduqca mürəkkəb bir prosesdir. Bunun üçün ya Rusiyanın razılığı alınmalı və S-400 sistemləri üçüncü bir ölkəyə satılmalıdır, ya da ABŞ-də bu müdafiə siyasəti ilə bağlı qanunvericilik yenidən nəzərdən keçirilməlidir. Mən burada məsələnin Türkiyəyə olan ehtiyacla birbaşa əlaqəli olduğu qənaətindəyəm. Yəni Türkiyə NATO sammitindən sonra artıq sadəcə bir qanad ölkə mövqeyindən çıxaraq mərkəzi ölkə statusuna yüksəlib və Avropanın təhlükəsizlik və müdafiə arxitekturasında ən mühüm dövlətlərdən birinə çevrilib. Düşünürəm ki, Tramp da F-35 qərarını verərkən bu amili nəzərə alacaq.