
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli ictimai-siyasi xadim, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli ədəbi-bədii gecə keçirilib.
Konsensus.az xəbər verir ki, tədbirdən öncə teatrın foyesində Azərbaycan Milli Kitabxanası tərəfindən şairin müxtəlif illərdə işıq üzü görən əsərlərindən ibarət geniş kitab sərgisi təşkil olunub. Sərgi çərçivəsində, həmçinin yubilyar haqqında yenicə çapdan çıxmış dörd yeni kitabın təqdimatı baş tutub. Mədəniyyət naziri Adil Kərimli sərgi ilə tanış olduqdan sonra yeni nəşrləri Sabir Rüstəmxanlıya təqdim edib.

Yubiley gecəsində Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev, Baş nazirin müavini Samir Şərifov, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, eləcə də millət vəkilləri, tanınmış alimlər, yazıçılar və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbir Xalq şairinin ömür yolunu və zəngin yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Daha sonra çıxış edən Baş nazirin müavini Samir Şərifov hökumət başçısının yubilyara ünvanladığı geniş təbrik məktubunu oxuyub. Məktubda S.Rüstəmxanlının Azərbaycan ədəbiyyatı, mədəniyyəti və ictimai-siyasi həyatındakı mühüm xidmətləri yüksək qiymətləndirilib.
Məruzə ilə çıxış edən millət vəkili, akademik Rəfael Hüseynov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və millət vəkili, professor Fəzail İbrahimli şairin yaradıcılığından bəhs edərək, onun milli düşüncənin, istiqlal ideyalarının formalaşmasında və türk dünyasındakı müstəsna rolunu vurğulayıblar.

Tədbirə xaricdən qatılan qonaqlardan – türkiyəli yazıçı İmdat Avşar Sabir Rüstəmxanlı haqqında qardaş ölkədə nəşr olunan yeni kitabını təqdim edib, moskvalı professor-alim Abuzər Bağırov isə Rusiyanın ədəbi mühitinin salamlarını çatdıraraq yubilyara diplom və xatirə hədiyyələri təqdim edib. AYB katibi Səlim Babullaoğlu müxtəlif ölkələrin Yazıçılar birliklərinin təbriklərini səsləndirib, şair-publisist Aqşin Yenisey isə onun gənc yazar nəslinin formalaşmasındakı rolundan danışıb.

Gecənin bədii hissəsində Sabir Rüstəmxanlının şeirləri ifa olunub, sözlərinə bəstələnmiş nəğmələr səsləndirilib. Əməkdar artist Elnar Qarayev, Xalq artistləri Mehriban Zəki, Laləzar Mustafayeva, eləcə də Kamran Yunus, Sabir Məmmədov, Hüsniyyə Mürvətova və Tural Əhməd şairin lirik və vətənpərvərlik ruhlu şeirlərini qiraət ediblər.
Xalq artistləri Qoçaq Əsgərov, Ağadadaş Ağayev, Faiq Ağayev və Aynur İsgəndərlinin ifasında səslənən mahnılar, xorun təqdimatında rəğbətlə qarşılanan “Millətəm” kompozisiyası gecəyə xüsusi rəng qatıb. Həmçinin Atatürk Liseyi şagirdlərinin ifasında “Qarabağa dönüş” kompozisiyası, şairin nəvələrinin şeir töhfələri və ssenarisi əsasında çəkilmiş “Cavad xan” filmindən fraqment nümayiş etdirilib.
Sonda çıxış edən Sabir Rüstəmxanlı tədbirin təşkilatçılarına və bütün qonaqlara dərin təşəkkürünü bildirib. Yubiley gecəsi rəmzi mənası olan “Zəfər” rəqsi ilə yekunlaşıb.