
ABŞ Hörmüz boğazında dəniz blokadasını bərpa etməzdən dərhal əvvəl İran gizli şəkildə altı supertankerini bu strateji su yolundan keçirə bilib.
Konsensus.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Bildirilir ki, izləmə cihazları (transponderləri) söndürülmüş gəmilər ötən həftənin sonunda körfəz regionunu tərk edərək təxminən 12 milyon barel neft daşıyıb.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın boğaz vasitəsilə daşınan yüklərə görə 20% kompensasiya tələb etməsindən sonra çərşənbə axşamı saat 16:00-da Ağ Ev rəsmən dəniz blokadasını yenidən qüvvəyə mindirib. Bəzi yük və qaz daşıyan gəmilərin ərazini tərk etmək cəhdlərinə baxmayaraq, hazırda boğazda gəmilərin hərəkəti demək olar ki, tamamilə dayanıb.
Mütəxəssislər qeyd edir ki, siqnalötürücüləri qapalı saxlanılan gəmilərlə gizli tranzitlər artıq adi hala çevrilsə də, bu cür manevrlər olduqca risklidir. Belə ki, bundan əvvəl İran raketləri BƏƏ-yə məxsus iki tankeri hədəf alıb, həmçinin ABŞ tərəfindən də analoji zərbələr endirilir. Blokadalar arasındakı qısa dövrdə İran təxminən 57 milyon barel neft ixrac etməyə nail olsa da, yeni qadağalardan sonra bu axının ciddi təhlükə altına düşəcəyi gözlənilir.