
ABŞ Prezidenti Donald Tramp Ukrayna rəhbəri Volodimir Zelenskinin mövqeyindən kəskin narazı qalıb və Kiyevdən Rusiyanın neft emalı zavodlarına (NEZ) edilən hücumları dərhal dayandırmağı tələb edir.
Konsensus.az xəbər verir ki, bu barədə "Axios" portalına Ağ Evdəki mənbə məlumat verib.
Anonim qalan amerikalı rəsmilərdən birinin sözlərinə görə, ABŞ dövlət başçısı Zelenskinin Vaşinqton tərəfindən göstərilən dəstəyi zəruri və öz-özünə olan bir hal kimi qəbul etdiyini düşünür.
Mənbə vurğulayır ki, tərəflər arasında dizel yanacağına tətbiq edilən sanksiyaların ləğvi ilə bağlı razılıq əldə olunsa da, Tramp Ukraynanın Rusiya NEZ-lərinə zərbələrini dayandırmasında ısrarlıdır. ABŞ liderinin qənaətincə, bu hücumlar bütövlükdə amerikalı istehlakçılar üçün yanacağın bahalaşmasına gətirib çıxarır. "Axios" həmçinin qeyd edir ki, analoji zərbələr iki ölkə rəhbəri arasındakı münasibətləri getdikcə gərginləşdirir.
Xatırladaq ki, bundan əvvəl Tramp Moskva ilə Kiyev arasında "enerji atəşkəsi" haqqında şifahi anlaşmanın olduğunu bəyan etmişdi. Ağ Ev nümayəndəsi Prezidentin Zelenskidən bu öhdəliyə riayət etməsini gözlədiyini bildirib. Oktyabrın 10-da Tramp bəyan etmişdi ki, Vaşinqton dəfələrlə Ukrayna tərəfindən Rusiya energetika obyektlərinə zərbələrin dayandırılmasını xahiş etsə də, rəsmi Kiyev bu çağırışlara məhəl qoymayıb.