
"İstanbul Azərbaycan Jurnalistləri Həmrəylik və Yardımlaşma Dərnəyi"nin nəzdində qurulan "Ulu Türk Teatrı"nın yaradıcılıq işlərinə start verilib.
Konsensus.az xəbər verir ki, bu barədə teatrın rəhbəri Sadiq Nəsir bildirib. O qeyd edib ki, teatr fərqli bir tərzdə çıxış edəcək. Hazırda səhnə hazırlıqları və məşqlərə başlanılıb:
"Rəhbərlik etdiyim “Ulu Türk” Teatrı türk dünyasının ortaq keçmişi, milli-mənəvi dəyərləri, mədəni irsi və ədəbi-bədii sərvətlərinin tanıdılması, qorunması və gələcək nəsillərə ötürülməsi məqsədilə fəaliyyət göstərən mədəniyyət ocağı olacaqdır. Məqsədimiz Türk xalqlarının tarixi və mədəni birliyini səhnə əsərləri vasitəsilə tanıtmaq, Azərbaycan və türk dünyasının görkəmli simalarını, qəhrəmanlarını və sənətkarlarını teatr tamaşalarında yaşatmaq, həmçinin gənc nəslin vətənpərvərlik, milli kimlik və mənəvi dəyərlər ruhunda formalaşmasına töhfə verməkdir. Fəaliyyət planımızın əsasını klassik və müasir dramaturgiya nümunələrini səhnələşdirmək, beynəlxalq teatr festivallarında yer almaqla türk mədəniyyətinin dünyada təbliğinə xidmət etmək təşkil edir. Mərkəzi Türkiyədə yerləşən teatrımız Azərbaycan ilə Türkiyə arasında mədəni bağların inkişafına dəstək verəcək, sənədli-bədii kompozisiyalar, poeziya gecələri və maarifləndirici layihələr reallaşdıraraq, gənc aktyorlar yetişdirəcək, "Vətən, millət, mədəniyyət – Ulu Türk!” - şüarıyla türk dünyasına addım atacaq".
