Uzunömürlülük sənayesi: insanlar 100 ildən çox yaşayacaqmı?

Bir zamanlar insan ömrünün 40–50 ili keçməsi möcüzə hesab olunurdu. Bəli səhv oxumadınız. Həqiqətən belə vaxtlar olub. Bu gün isə elm və texnologiyanın inkişafı nəticəsində dünyanın bir çox ölkəsində orta ömür uzunluğu 80 yaşa yaxınlaşır. Lakin bu inkişaf predmetləri iki tərəfi iti kəsən qılınc kimidir. Texnologiyanın, sənayenin fövqəladə artımı, iqlim dəyişməsinə, ekoloji problemlərə, virusların artmasına, mutasiyasına səbəb olub və nəticədə xəstəliklərlə, ölümlər hədsiz çoxalıb. Lakin indi artıq məsələ təkcə uzun yaşamaq deyil — sağlam və aktiv şəkildə uzun yaşamaqdır. Məhz buna görə son illərdə dünyada sürətlə böyüyən yeni bir sahə formalaşıb: uzunömürlülük sənayesi.

Milyardlarla dolların dövr etdiyi bu sahə tibb, genetika, süni intellekt, biotexnologiya və qida sənayesini bir araya gətirir. Məqsəd isə aydındır: qocalmanı ləngitmək və insan ömrünü uzatmaq.

İnsan niyə qocalır?

Uzun illər qocalma təbii və dəyişdirilməsi mümkün olmayan proses hesab olunurdu. Lakin Harvard Tibb Məktəbinin genetika professoru, uzunömürlülük üzrə tanınmış alim David Sinclair qocalmanı “müalicə edilə bilən bioloji proses” adlandırır. Onun araşdırmaları göstərir ki, yaşlandıqca hüceyrələrdə məlumat ötürülməsi pozulur və orqanizm özünü bərpa etmək qabiliyyətini tədricən itirir.

D. Sinclair və komandası siçanlar üzərində apardıqları təcrübələrdə bəzi genlərin aktivləşdirilməsi ilə yaşlanma əlamətlərini qismən geri çevirməyə nail olduqlarını açıqlayıblar. Xüsusilə NAD+ adlı molekulun artırılması hüceyrələrin enerji istehsalına müsbət təsir göstərib.

Digər mühüm istiqamət isə telomerlərlə bağlıdır. Telomerlər xromosomların sonunda yerləşən qoruyucu hissələrdir və yaş artdıqca qısalırlar. Nobel mükafatı laureatı Elizabeth Blackburn telomerlərin qocalma prosesində əsas rol oynadığını sübut edən alimlərdən biridir. Onun tədqiqatları göstərir ki, stress, yuxusuzluq və qeyri-sağlam həyat tərzi telomerlərin daha sürətli qısalmasına səbəb olur.

Süni intellekt və milyarderlərin yeni yarışı

Uzunömürlülük artıq təkcə alimlərin deyil, texnologiya nəhənglərinin də əsas maraq sahəsinə çevrilib.

“Google”un sahibi olan “Alphabet” şirkəti 2013-cü ildə Calico adlı xüsusi layihə yaratdı. Layihənin məqsədi qocalmanın biologiyasını araşdırmaq və insan ömrünü uzatmaqdır. Şirkət bu istiqamətə milyardlarla dollar investisiya yatırıb.

“Amazon”un qurucusu Jeff Bezos isə Altos Labs adlı biotexnologiya şirkətinə sərmayə qoyub. Bu şirkət hüceyrələrin “yenidən proqramlaşdırılması” üzərində işləyir. Məqsəd yaşlanmış hüceyrələri daha gənc vəziyyətə qaytarmaqdır.

Dünyanın ən varlı adamlarından biri olan Bryan Johnson isə bəlkə də bu sahənin ən məşhur simasına çevrilib. O, bədənini “gəncləşdirmək” üçün hər il milyonlarla dollar xərcləyir. Johnson gündəlik olaraq yüzdən çox tibbi analiz verir, ciddi qidalanma rejimi tətbiq edir, xüsusi yuxu sistemi ilə yaşayır, onlarla dərman və vitamin qəbul edir.

O iddia edir ki, bioloji yaşını real yaşından xeyli aşağı salmağa nail olub. Hətta bəzi analizlərdə ürəyinin və dərisinin daha gənc insan göstəricilərinə yaxın olduğu açıqlanıb.

Bəs gen mühəndisliyi insan ömrünü dəyişə bilərmi?

Son illərin ən böyük elmi yeniliklərindən biri CRISPR gen redaktə texnologiyasıdır. Bu üsul alimlərə DNT üzərində dəyişiklik etmək imkanı verir.

2020-ci ildə Nobel Kimya Mükafatını alan Jennifer Doudna və Emmanuelle Charpentier bu texnologiyanın yaradıcıları hesab olunur. Alimlər düşünürlər ki, gələcəkdə irsi xəstəliklərin qarşısı alına, bəzi xərçəng növləri erkən mərhələdə dayandırıla, hüceyrələrin yaşlanma prosesi ləngidilə bilər.

Lakin bu texnologiya ciddi etik müzakirələr də yaradır. Çünki gələcəkdə genetik “təkmilləşdirilmiş insanlar” anlayışı meydana çıxa bilər.

Dünyanın ən uzunömürlü insanları nəyi fərqli edir?

Elm adamları uzunömürlülüyün sirrini tapmaq üçün “mavi zonalar” adlanan bölgələri araşdırırlar. Bu ərazilərdə insanların 100 yaşdan çox yaşamaq ehtimalı daha yüksəkdir.

Ən məşhur mavi zonalara Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya bölgəsi, Yunanıstanın İkariya adası daxildir.

Araşdırmaçı Dan Buettnerin araşdırmalarına görə, bu insanların ortaq xüsusiyyətləri çox hərəkətli həyat tərzidir. Hansı ki, az stress, güclü ailə münasibətləri, təbii qidalanma, sosial aktivlik onlarla birlikdə olmalıdır.

Maraqlıdır ki, uzunömürlülük təkcə tibbi məsələ deyil. Tənha insanların daha tez yaşlandığını göstərən araşdırmalar da mövcuddur.

Elə isə 100 yaş gələcəyin norması ola bilərmi?

BMT-nin proqnozlarına görə, yaxın onilliklərdə dünyada 100 yaşdan yuxarı insanların sayı sürətlə artacaq. Bir çox alim hesab edir ki, XXI əsrin sonuna qədər 100 yaşına çatmaq nadir hadisə olmayacaq.

Lakin əsas məsələ insanların neçə il yaşaması deyil. Əsas sual budur: insanlar həmin illəri nə qədər sağlam və aktiv keçirə biləcək? Çünki uzunömürlülük texnologiyalarının inkişafı pensiya sistemini dəyişə, əmək bazarını yenidən formalaşdıra, səhiyyə xərclərini artıra, sosial bərabərsizliyi dərinləşdirə bilər.

Belə çıxır ki, yaxın gələcəkdə insan ömrü təkcə biologiyanın deyil, həmçinin iqtisadiyyatın və siyasətin də ən böyük mövzularından birinə çevriləcək.

Anar ƏLİ

konsensus.az

12.05.2026 00:30