
“Forbes” jurnalı ən çox dividend ödənişi alan rusiyalı iş adamlarının illik reytinqini dərc edib. Bu il siyahı genişlənərək 75 nəfərə çatıb.
Konsensus.az Rusiya KİV-ə istinadən xəbər verir ki, reytinq siyahısına LUKOIL-ın təsisçisi Vahid Ələkbərov başçılıq edir. Onun hesabına keçirilən dividendlərin məbləği 106,2 milyard rubl təşkil edib.
İkinci yerdə NOVATEK-in İdarə Heyətinin sədri və “Sibur” neft-kimya holdinqinin əsas səhmdarı Leonid Mixelson və ailəsi qərarlaşıb. Onların dividend gəlirləri 87,1 milyard rubl dəyərində qiymətləndirilir.
Reytinqin üçüncü pilləsində “Volga Group” investisiya qrupunun təsisçisi Gennadi Timçenko (75,1 milyard rubl) yer alıb.
“Mercury Retail Holding”in sahibi İqor Kesayev 40,5 milyard rubl dividend ödənişi ilə 22-ci yerdən 4-cü yerə yüksələrək böyük sıçrayış edib. Beşinci yeri isə 39,5 milyard rublla “LetterOne Holdings” və “Alfa Group”un direktorlar şurasının keçmiş üzvü Mixail Fridman tutub.
Siyahıda şəxslərin sayının artmasına baxmayaraq, 75 ən böyük iştirakçının ümumi dividend gəlirləri kəskin azalıb. Belə ki, ötən il bu göstərici 1,769 trilyon rubl olduğu halda, bu il 1,194 trilyon rubla geriləyib.