Mayın 18-də Bakıda baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edəcək.
Konsensus.az xəbər verir ki, konsert ansamblın direktor-baş dirijoru Mustafa Aşurov rəhbərliyi ilə keçiriləcək.
Baletmeysteri Ceyhun Qubadov, xormeysteri isə Naala Barateliada olan konsert proqramında Azərbaycan milli musiqisinin inciləri, klassik və müasir bəstəkarların əsərləri təqdim olunacaq.
Səhnədə Əməkdar artist Almaz Orucova, ifaçılar Vəfa Vəzirova, Rəvanə Qurbanova, Nurlan Əzizbəyli, Nurlana Abdullayeva və rəqqasə Nigar Mirzəyeva çıxış edəcəklər.
Konsertin məqsədi Azərbaycan milli musiqi və rəqs sənətinin zəngin irsini beynəlxalq auditoriyaya təqdim etmək, ölkənin mədəni dəyərlərini təbliğ etmək və Ümumdünya Şəhərsalma Forumu çərçivəsində mədəniyyətlərarası dialoqa töhfə verməkdir.
